16 
Mar
2020
15:54
4200

Hökumət koronavirusun qarşısın almaq üçün alınan qərarları açıqladı - SİYAHI

Gürcüstanda bugün Hökumət Administrasiyasında baş nazir Qiorqi Qaxarianın rəhbərliyi ilə baş tutan İdarələrarası Koordinasiya Şurasının növbəti iclasında koronavirusun yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində yeni qərarlar qəbul edildi.

InterPress.ge xəbər verir ki, bu haqda Hökümətin rəsmi facebook səhifəsində məlumat verilir.

Olduğu kimi sizə təqdim edirik:

1. 18 mart tarixindən etibarən iki həftə ərzində xarici vətəndaşlar üçün Gürcüstanın dövlət sərhədlərinə daxil olmaq qadağandır.

2. Müvəqqəti olaraq Gürcüstanın dağ-xizək kurortları bağlanılır.

3. Kafe, restoran və barlara tövsiyə olunur ki, müvəqqəti olaraq vətəndaşlara birbaşa xidmət göstərməkdə məhdudiyyətlər qoysunlar və ancaq çatdırılma xidməti ilə fəaliyyət göstərsinlər.

4. Hökumət Administrasiyasında İdarələrarası Koordinasiya Şurasının qəbul etdiyi qərarların icrası üçün monitorinq mexanizmi olacaq.

5. 70 yaşı keçmiş vətəndaşlara tövsiyə olunur ki, sağlamlıqlarına dəyə biləcək potensial zərərdən uzaq olmaq üçün mümkün qədər ictimai yerlərdə olmaqdan çəkinsinlər və imkan daxilində təcrid olumuş formada qalsınlar.

Hökumət başçısı qeyd etdi ki, meydana gələn problemlərin öhdəsindən gəlmək üçün 4 əsas sahədə düzgün, effektiv idarəetmə gərəklidir. Bunlar – səhiyyə; iqtisadiyyat; loqistika və resursların idarəsi ; ictimai asayiş.

Hər bir istiqamətdə o sahəyə uyğun nazir cavabdehdir.

Şuranın iclasında hökumət rəhbəri Gürcüstanda koronavirusa yoluxmuş xəstələrin sağlamlıq vəziyyətləri və lazım gələrsə, klinikaların hazırlıq durumları haqqında məlumatı dinlədi.

İclasda bugünə olan vəziyyətə əsasən 33 nəfərin virusa yoluxduğu qeyd olundu. Onların əksəriyyətinin sağlamlıq vəziyyəti qənaətbəxşdir. Hər bir pasiyentin vəziyyəti stabildir və onlara müvafiq müalicə həyata keçirilir.

Koordinasiya Şurasına məlumat verildir ki, hazırki mərhələdə 637 insan karantin vəziyyətində, 54 şəxs isə tibbi nəzarət rejimindədir.

Baş nazir bir daha vətəndaşları Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyələrə uymağa, əllərini mütəmadi olaraq yumağa, insanların sıx olduğu yerlərdən çəkinməyə, xaricə səyahət etməməyə və risk zonasına düşdükləri halda isə özünütəcrid qaydalarına sərt şəkildə riayət etməyə çağırdı.

İdarələrarası Koordinasiya Şurası razılaşdırılmış birgə addımlar atmaq məqsədilə baş nazirin rəhbərliyi ilə sistemli şəkildə iclasları davam etdirir.

Prezident Administrasiyası və Parlamentin müvafiq komiteti şuranın iş prosesində fəal iştirak edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər