28 
Sen
2020
16:40
711

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi bəyanat yayır

"Bu ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonunun bir çox kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına əsasən, mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var. Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonunun Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun dörd ailə üzvü həlak olublar. Bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirirlər.

Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulmasıdır.

27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktı son aylar ərzində Ermənistan tərəfinin təxribatları, o cümlədən 12-16 iyul Tovuz istiqamətində hücum cəhdi, 23 avqust Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanatları və fəaliyyətinin davamıdır.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi olaraq bəyan edirik ki, yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür və axan qanların durması, yeni insan itkilərinin və dağıntıların olmaması üçün yeganə yol təcavüzkarın Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsidir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində qeyri-qanuni mövcudluğunun regionda sülh və sabitliyə ciddi təhlükə olduğuna yaxşı bələd olan və Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçı fəaliyyətinə beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələrək prinsipial mövqe nümayiş etdirən beynəlxalq ictimaiyyət, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və Ermənistanı beynəlxalq hüquq, o cümlədən, beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir".

Bizimlə əlaqə saxlayın