MSK 4 oktyabr seçkiləri ilə bağlı tədbirlər cədvəlini təsdiqlədi
Gürcüstanın Mərkəzi Seçki Komissiyası 4 oktyabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məqsədilə seçki tədbirləri cədvəlini təsdiqləyib və seçkilərlə bağlı digər mühüm məsələləri müəyyənləşdirib.
InterPress.ge xəbər verir ki, bu barədə MSK-nın sözçüsü Natiya İoseliani komissiyanın iclasından sonra məlumat verib.
İoselianinin sözlərinə görə, seçki administrasiyası artıq qanunvericiliklə nəzərdə tutulan prosedurların icrasına başlayıb. Bu gündən etibarən seçkilərin təyin edilməsi ilə bağlı bütün qanuni tələblər, icazə və qadağalar qüvvəyə minib.
“2025-ci il 4 oktyabr tarixində Gürcüstanda bələdiyyə orqanlarına seçkilər keçiriləcək. Prezidentin və Baş nazirin birgə imzası ilə imzalanan sərəncam bu gündən qüvvəyə minib. Elə bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirildi və seçki tədbirləri cədvəli təsdiqləndi, eyni zamanda seçkilərlə əlaqəli bir sıra əhəmiyyətli məsələlər müəyyən olundu”, – deyə İoseliani bildirib.
Seçkilərdə Gürcüstan vətəndaşları 64 bələdiyyə üzrə 2 058 nümayəndəni həm proporsional, həm də majoritar sistemlə və 64 meri seçəcəklər.
Qanunla nəzərdə tutulmuş istisnalar istisna olmaqla, bələdiyyə nümayəndəliklərinə seçkilər elektron qaydada keçiriləcək. Səsvermədə iştirak edən seçicilərin təxminən 90%-i öz iradəsini identifikasiya və səs sayma cihazları vasitəsilə ifadə edəcək. Ümumilikdə ölkə üzrə 3051 seçki məntəqəsi açılacaq, bunlardan 2284-ü elektron, 767-si isə ənənəvi formada fəaliyyət göstərəcək.
Seçki administrasiyası qanunun aliliyinə, siyasi neytrallığa və peşəkarlığa əsaslanaraq fəaliyyət göstərəcək və yüksək etik davranış standartlarını rəhbər tutacaq. MSK eyni zamanda seçkilərdə iştirak edən bütün tərəfləri fəal iştirak etməyə, müşahidə aparmağa və seçki prosesini obyektiv və ədalətli şəkildə qiymətləndirməyə çağırıb.


