Tbilisidə problemli kəsişmələrdə “Yellow Box” tətbiq ediləcək
Tbilisidə avtomobil axınının yüksək olduğu və svetoforla tənzimlənməsinə baxmayaraq, kəsişmələrdən keçidin problem yaratdığı nəqliyyat qovşaqlarında yolun üzərində sarı kvadrat şəbəkəsi – “Yellow Box” çəkiləcək. Bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında bildirib.
InterPress.ge xəbər verir ki, Kaxa Kaladzenin sözlərinə görə, belə bir ehtiyac svetoforun yaşıl işığı yandığı halda belə bəzi sürücülərin kəsişməyə daxil olaraq orada dayanması və hərəkəti əngəlləməsi ilə əlaqədar yaranıb.
“Bilirsiniz ki, son illərdə Tbilisidə avtomobillərin sayı xeyli artıb. Şəhərin müəyyən ərazilərində hərəkət problemə çevrilib, tıxaclar yaranır. Biz artıq “ağıllı svetoforların” tətbiqi, eləcə də tıxacların azaldılması məqsədilə konkret problemli ərazilərin tənzimlənməsi istiqamətində tədbirlərə başlamışıq.
Statistika da maraqlıdır. 2012-ci ilə qədər şəhərdə təxminən 180 minədək şəxsi avtomobil hərəkət edirdi. Bu gün pik saatlarda 900 minədək avtomobil hərəkət edir ki, bu da problemdir.
Sükan arxasında olan hər birimiz belə vəziyyətlə qarşılaşmışıq: kəsişmədə müəyyən istiqamətdə sıxlıq və tıxac yaranır. Svetoforda yaşıl işıq yanır və sürücü qarşıda hərəkətin mümkün olmadığını görür, buna baxmayaraq kəsişməyə daxil olmağa çalışır. Nəticədə digər istiqamətdən, sağdan və ya soldan gələn və qarşısında tıxac olmayan avtomobillərin hərəkətinə mane olur. Bu isə bütün istiqamətlərdə vəziyyəti daha da çətinləşdirir. Bu məsələnin tənzimlənməsinə və qaydaya salınmasına ehtiyac var.
Gürcüstanın “Yol hərəkəti haqqında” qanununda da qeyd olunur ki, svetoforda yaşıl işıq yandığı halda belə sürücü kəsişməyə daxil olmamalıdır, əgər orada dayanaraq hərəkətə mane olacağı ehtimalı varsa.
Bu qaydanın inzibati qaydada tətbiqi və icrası çətindir. Lakin beynəlxalq təcrübə göstərir ki, kəsişmələrdə “Yellow Box” adlanan sarı kvadrat şəbəkəsi çox effektiv işləyir. Bu, avtomobil axınının yüksək olduğu və svetoforla tənzimlənməsinə baxmayaraq, kəsişmədən keçidin problem yaratdığı nəqliyyat qovşaqlarında bir çox ölkədə sınaqdan keçirilmiş üsuldur.
İstəyirəm, Şəhər Xidmətindən Daxili İşlər Nazirliyi ilə birlikdə bu məsələ üzərində işləməyə başlayaq. Düşünürəm ki, bu həll müəyyən qədər sürücülərin hərəkətini asanlaşdırmağa kömək edəcək”, – deyə Kaladze bildirib.


