Səhiyyə naziri: 35 minədək ailəyə sosial yardımın verilməsi dayandırılıb
Gürcüstanın səhiyyə naziri Mixeil Sarjveladzenin sözlərinə görə, təxminən 35 min ailəyə yaşayış müavinətinin verilməsi dayandırılıb. Nazir bildirib ki, bunun əsas səbəbi əksər hallarda həmin ailələrin maddi vəziyyətinin yaxşılaşmasıdır.
InterPress.ge xəbər verir ki, Sarjveladzenin sözlərinə görə, sosial yardım alan ailələrin məlumat bazasının müxtəlif meyarlar nəzərə alınmaqla yoxlanılması prosesi davam edir. Onun bildirdiyinə görə, baza dəqiqləşdirildikdən sonra dövlət büdcəsindən bir neçə on milyon lariyə qənaət ediləcək.
“Yoxlanılan ailələrin maliyyə vəziyyəti daim dəyişən prosesdir. Bu o deməkdir ki, dövlət kimin dəstəyə ehtiyacı olduğunu, kimin isə ehtiyacının olmadığını, hansı şəxslərin müəyyən meyarlara cavab verdiyini və vermədiyini mümkün qədər diqqətlə nəzarətdə saxlamalıdır. Buna görə də bu proses davam edir və hazırda aktiv mərhələdədir.
Rəqəmlərə gəlincə, yalnız 65 min ailə yoxlanılmayıb, bu rəqəmi keçmişik və yoxlanılan ailələrin sayı 80 minə çatır. Bu mövzu üzərində işləməyə başlayanda sosial yardım almaq hüququ olan 184 min ailə qeydiyyatda idi.
Vəziyyət dəyişir, müəyyən ballar yenidən hesablanır. Bu o deməkdir ki, indiyədək kiminsə yüksək balı ola bilərdi, yoxlama nəticəsində isə daha aşağı bal müəyyən edilə və ya əksinə ola bilər. Burada müxtəlif amillər nəzərə alınır. Hər bir ailənin vəziyyətinin qiymətləndirilməsi kifayət qədər mürəkkəb prosesdir. Təbii ki, burada dəqiq meyarlar var və ailələrin vəziyyəti riyazi dəqiqliklə qiymətləndirilir.
Qənaət ediləcək məbləğə gəlincə, bu, yoxlamanın yeganə prosesi deyil. Məlumat bazası tamamilə dinamikdir və daim dəyişir. Müxtəlif amillər nəzərə alınmaqla kimlərsə bazaya əlavə olunur, kimlərsə isə bazadan çıxarılır. Buna görə də dəqiq rəqəmdən danışmaq mümkün deyil.
Lakin əminliklə deyə bilərəm ki, baza dəqiqləşdirildikdən sonra bir neçə on milyon lariyə qənaət ediləcək. Hazırkı mərhələdə bunu qəti şəkildə demək imkanımız var.
Təxminən 30 mindən çox, 35 minədək ailəyə yaşayış müavinətinin verilməsi dayandırılıb. Bunun səbəbi isə əksər hallarda, xoşbəxtlikdən, onların vəziyyətinin yaxşılaşmasıdır”, – deyə Sarjveladze bildirib.


