07 
Okt
2026
18:35
126

“Mamed Gas” şirkətinin rəhbəri məhkəmə zalından azadlığa buraxılıb

“Mamed Gas” şirkətinin rəhbəri Nəriman Allahverdiyevin həbsdə saxlanılması ilə bağlı məsələ bu gün, 7 oktyabr tarixində keçirilən məhkəmə iclasında müzakirəyə çıxarılıb. Məhkəmənin qərarı ilə Allahverdiyev azadlığa buraxılıb.

Bu barədə InterPress.ge-yə onun vəkili Rövşən Ziyədəliyev məlumat verib.

Vəkilin sözlərinə görə, bundan sonra Nəriman Allahverdiyev barəsində məhkəmə prosesi həbs qətimkan tədbiri olmadan davam etdiriləcək.

Müdafiə tərəfi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədən yayınması, yeni cinayət törətməsi və ya iş üzrə sübutlara müdaxilə etməsi ehtimalını təsdiqləyən əsaslar mövcud deyil.

Rövşən Ziyədaliyevin bildirdiyinə görə, məhkəmə Allahverdiyevin 100 min lari məbləğində girov qarşılığında sərbəst buraxılmasına qərar verib. Girovun ödənilməsi üçün müdafiə tərəfinə bir həftə vaxt verilib.

Allahverdiyevin iş üzrə növbəti məhkəmə iclası oktyabrın 21-nə təyin olunub. 

Xatırladaq ki, Nəriman Allahverdiyev avqustun 20-də səhər saatlarında saxlanılmışdı. DİN-in məlumatına görə, o, maliyyə mübahisəsi və daxil olan şikayətlərlə bağlı məhkəməyə gəlmədiyi üçün axtarışa verilmiş və daha sonra saxlanılmışdı.

Bizimlə əlaqə saxlayın