08 
Okt
2026
13:48
115

Gürcüstanda fahişəliyə şərait yaratmaqda və bunun üçün yer verməkdə təqsirləndirilən 21 nəfər saxlanılıb – 11 obyekt möhürlənib

Hüquq-mühafizə orqanlarının əməkdaşları fahişəliyə şərait yaratmaqda və fahişəlik üçün yer verməkdə təqsirləndirilən 21 nəfəri saxlayıb, 11 obyekti isə möhürləyib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə Mərkəzi Kriminal Polis Departamentinin İnsan Alveri və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Qriqol Qoqoçaşvili bildirib.

Onun sözlərinə görə, polis əməliyyatları Tbilisi, İmereti və Kvemo Kartli bölgələrində keçirilib.

“Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə kompleks şəkildə həyata keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində fahişəliyə şərait yaratmaqda və fahişəlik üçün yer verməkdə təqsirləndirilən 21 nəfəri saxlayıb, 11 obyekti isə möhürləyiblər.

Polis tədbirləri Tbilisi, İmereti və Kvemo Kartlidə həyata keçirilib.

Cinayət işi üzrə aparılan gizli istintaq tədbirləri, o cümlədən audio və video çəkilişlər nəticəsində əldə edilmiş sübutlarla müəyyən olunub ki, saxlanılan şəxslər – müxtəlif obyektlərin menecerləri və administratorları – fahişəliklə məşğul olan qadınlara bu fəaliyyətlərini həyata keçirmələri üçün sistemli şəkildə şərait yaradıblar. Belə ki, müəyyən ödəniş qarşılığında onların idarə etdiyi obyektlərdə qadınlara yer veriblər.

İstintaqla həmçinin müəyyən edilib ki, obyektlərin administratorları fahişəliklə məşğul olan şəxslərə müştəri tapmaqda da kömək ediblər. Bunun müqabilində isə qadınların göstərdikləri cinsi xidmətlərdən əldə etdikləri gəlirin böyük hissəsini özləri götürüblər.

İstintaq nəticəsində müəyyən edilib ki, qeyd olunan obyektlərin əsas gəlir mənbəyini fahişəliyə şərait yaradılması nəticəsində əldə edilən vəsaitlər təşkil edib.

Hüquq-mühafizə orqanlarının müxtəlif obyektlərdə keçirdiyi axtarışlar zamanı qanunsuz fəaliyyət nəticəsində əldə edilmiş pul vəsaitləri götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsi ilə aparılır. Həmin maddə fahişəliyə şərait yaradılmasını və fahişəlik üçün yer verilməsini nəzərdə tutur.

Daxili İşlər Nazirliyi bu cür qanunsuz fəaliyyətlərin aşkar edilməsi və qarşısının alınması, eləcə də cinayətə cəlb olunmuş şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq polis tədbirlərini davam etdirir”, – Qriqol Qoqoçaşvili bildirib.

Bizimlə əlaqə saxlayın