29 
May
2020
16:55
1856

Nərimanov biz azərbaycanlılar üçün örnək və qürür mənbəyidir! - MƏQALƏ

Nəriman Nərimanovun Marneulidəki abidəsi yalnız və yalnız Gürcüstanda yaşayan yarım milyondan çox azərbaycanlıları öz tarixi torpaqlarından didərgin salıb, “Gürcüstan gürcülər üçündür” deyib, ölkəni mono-etnik dövlətə çevirdikdən sonra sökülə bilər. Marneuli və Hucabi yepiskopu Giorgi Camdelianinin 24 may tarixində müqəddəs Ramazan bayramınının qeyd edildiyi bir gündə azərbaycanlıların bayramını təbrik etmək əvəzinə Nərimanovun büstünün sökülüb zibilliyə atılmasını tələb etməsi, azərbaycanlıların milli-mənəvi dəyərinə qarşı hörmətsizlik, o cümlədən Avropada tolerant ölkə kimi tanıdılan rəngarəng Gürcüstanın beynəlxalq imicinə böyük zərbədir. Təəssüf ki, bəziləri gecə yatıb səhər yuxularını danışarkən işlətdikləri ifadələrin Gürcüstanda yaşayan bərabərhüquqlu xalqların dəyərlərinə zidd olmasını, Gürcüstan vətəndaşı olan, öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara məxsus olan abidənin dağıdılmasını, azərbaycanlılara məxsus olan milli-mənəvi dəyərlərin ayaqlar altına atılmasını tələb etməsinin Avropaya inteqrasiya edən vətənimiz Gürcüstanın beynəlxalq imicinə də ciddi xələl gətirməsini düşünmürlər. Gürcüstanın Avropaya inteqrasiya etməsi üçün Avropa Şurası qarşısında üzərinə götürdüyü əsas öhdəliklərindən biri də ölkədə yaşayan etnik azərbaycanlıların hüquqlarının qorunması, hörmətlə yanaşması, tolerantlıq nümayiş etdirməsidir. Ramazan bayramında tolerantlıq nümayiş etdirmək əzmində olmayan yepiskop, bir çox gürcü və azərbaycanlıların Nərimanovla bağlı dərin bilgiyə malik olmadığını iddia edir, ancaq unudur ki, elə həmin Nərimanov ateizmin təbliğ olunduğu, dini dəyərlərə hücum edilən çətin bir dövrdə Ramazan, Qurban, Mövlud (Məhəmməd Peyğəmbərin doğum günü) kimi dini bayramlarımızın, Aşura gününün, həmçinin Novruz bayramının rəsmi istirahət günü olmasına nail olmuşdur. Hətta, “cümə axşamı”nı müqəddəs hesab edərək xəstələri pulsuz müalicə edərmiş, məhərrəmlik günlərində məscidə ərzaq göndərərmiş, dindarların repressiya qurbanına çevrilməsinin qarşısını almışdır. Ancaq bu gün müstəqil olan, müstəqil qərarlar qəbul edən tolerant ölkə olan Gürcüstanda nədənsə bizim heç bir dini və ya milli bayramımızın istirahət günü elan edilməsi yada düşmür...əksinə bir din xadimi etnik-dini dözümlülük göstərməkdə aciz olmasını nümayiş etdirir.

Nərimanov biz azərbaycanlılar üçün örnək və qürür mənbəyidir!!! Nərimanov gənclər üçün xalqına sədaqətlə xidmət etməyin nümunəsdir. Nərimanovu repressiya törətməkdə ittiham edən yepiskop başa düşməlidir, biz Nərimanovu milliyətcə gürcü olan, BOLŞEVİK, KOMMUNİST Stalin kimi tanınan İosif Vissarionoviç Cuqaşvililinin repressiya əmrlərinə ZİDD olaraq, bizim mədəniyyət xadimlərini, ziyalılarımızı, generallarımızı, din xadimlərimizi, eləcə də minlərlə insanları repressiya qurbanı olmaqdan xilas etdiyi üçün sevirik. Nərimanov müsəlman şərqində ilk operanı yazan dahi Üzeyir Hacıbəyovu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevi güllələnməkdən xilas etmişdir. Biz, azərbaycanlılar Nərimanovu bizim mədəniyyətimizi, ANA dilimizi, dinimizi, milli-mənəvi dəyərlərimizi qoruduğu üçün sevirik. Nərimanovun adına qarşı çıxmaq, onun heykəlinin sökülməsi istəyi ilə çıxış etmək biz azərbaycanlıların milli-mənəvi dəyərlərinə hücum etmək deməkdir, biz azərbaycanlılara qarşı hörmətsizlikdir.

Nərimanov bəşəriyyətin arzu edəcəyi 100, 1000 ildən bir dünyaya gələn dahi şəxsiyyətdir. Nərimanov barəsində çox ehtiyatla danışıb, onu Orconikidze kimiləri ilə ilə müqayisə etməkdən çəkinmək lazımdır, onun barəsində fikir yürütmək hər kəsin işi deyil. Nərimanov hələ uşaqlıqdan anadan olduğu Tiflis şəhərində Şeytanbazara axışıb gələn kəndlilərin çırıq-cındır paltarını, dilənçi uşaqların acınacaqlı görkəmini, Metex zindanındakı məhbusların iniltisini, faytonda gəzən varlıları görüb, müqayisə etmiş, hər cür zülmün, istismarın, zorakılığın əleyhinə olan hiss onu bolşevik nəzəriyyəsinə qovuşdurmuşdu.

Şərqə məxsus kommunizm tərtib etməyi düşünən Nərimanov deyirdi ki, elə bir vaxt gələcəkdir ki, bütün insanlar, hansı millətdən olursa-olsun, hansı dinə iman gətirmiş olurlarsa-olsunlar, hamı namuslu zəhmətlə, qardaşcasına, hamı bərabər va azad yaşayacaqlar; onun nəzəriyyəsinin əsas qayəsi kommunizmlə islamiyyəti barışdırmaq ideyası idi. N.Nərimanov özü sonralar yazırdı ki, mən öz kəndim sandığım Qızılhacılıya ömürlük minnətdaram, çünki bəşəriyyətin geri qalmış hissəsinə bacardığım qədər kömək etmək fikrinə ilk dəfə məhz bu kənddə gəlmişəm.

N. Nərimanov o cümlədən onun babaları da azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynamışdır, haqlı olaraq N.Nərimanov kimi yazıçı-dramaturqlar iki xalq arasında “mənəvi körpü” hesab edilir. N.Nərimanov M.F.Axundovun davamçısıdır. Mirzə Fətəli Axundov dünya şöhrətli komediyalarını Tiflisdə qələmə almışdır, N.Nərimanovun da bədii yaradıcılığı, müəllimlik və həkimlik fəaliyyəti Gürcüstanla bağlı olub, “Nadanlıq” əsərini elə Marneulinin Qızılhacılı kənd məktəbində dərs dediyi müddətdə sona çatdırıb. M.F Axundov çar Rusiyası dövründə xidmət etmişdir, N.Nərimanov Sovetlər birliyində. Bu gün gürcü cəmiyyəti M.F.Axundovu necə qəbul edirsə N.Nərimanovu da elə qəbul etməlidir, çünki Nərimanov əslində hər iki xalqı birləşdirir, onun əsərləri gürcü dilinə tərcümə edilməlidir, hər iki xalqın nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilməlidir. Bir vaxtlar, Marneuli şəhərində, Nərimanovun heykəli yerləşən parkda “Nərimanoba” bayramı qeyd edilirdi, keçmiş prezident Eduard Şevernadze də məmnuniyyətlə bu bayramlara qatılmaqla Gücüstan azərbaycanlılarına olan hörmətini, ehtiramını ifadə edirdi.

Nərimanovun ulu babası Kaxetiya valisi I İraklinin sarayında eşikğası olmuşdur. Babası Allahverdi bəy tanınmış musiqi xadimlərindən idi, şərq musiqi alətlərində ustalıqla ifa edirdi. Allahverdi bəy azərbaycan mahnıları ilə yanaşı gürcü mahnılarını məharətlə oxuyardu. O, gürcü şairi Nikolos Barataşvilinin atası ilə dost, Aleksandr Çavçavadze və Qriqol Orbeliani ilə şəxsən tanış idi. II İrakli Allahverdi bəyə bəyzadəlik mənsəbi belə vermişdir.

N.Nərimanov adı hər iki xalq arasında Dostluq Simvolu kimi səslənməli və qəbul edilməlidir.

2019-cu ilin 28 yanvar tarixində Nərimanovun heykəlinin söküləcəyinə qarşı etiraz aksiyası təşkil etdik. Aksiyanın sonunda aksiya iştirakçılarının imzası ilə birlikdə Marneuli bələdiyyəsinə 3 tələblə ərizə təqdim etdik:

1. Marneuli Mədəniyyət Evinə N. Nərimanovun adının bərpa edilməsi

2. Nərimanovun müəllim kimi işlədiyi, Qızılhacılı ictimai məktəbə N. Nərimanovun adının bərpa edilməsi

3. Nərimanovun abidəsinin yerləşdiyi parka N. Nərimanovun adının verilməsi

Marneuli bələdiyyəsinin sədri Amiran Qiorqadze və o vaxtlar mer əvəzi işləyən Zaur Tabatadzenin Gürcüstan azərbaycanlılarının ünvanladığı məktuba cavab olaraq bildirmişdilər ki, Marneuli Bələdiyyəsi Meriyası mədəniyyət mərkəzinin yaxınlığındakı Nəriman Nərimanovun abidəsini sökməyi planlaşdırmır.

Xalqın 3 tələbi hələ ki, yerinə yetirilməyib...

Biz Gürcüstan azərbaycanlıları diaspora deyilik, öz tarixi torpaqlarımızda yaşayırıq, öz tarixi torpaqlarımızda dəyərlərimizi yaşatmaq hüququmuz var, bizə məxsus olan dəyərlərə hər kəsin hörmətlə yanaşmasını tələb edirik. Bir ölkənin ən böyük başucalığı həmin ölkədə müxtəlif millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq içərisində yaşamasına və multikultral dəyərlərin qorunmasına nail olmasıdır.

Yazdı: İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva

Bizimlə əlaqə saxlayın