Tbilisidə, Aleksandre Tvalçrelidze küçəsində yerləşən heyvanlar üçün bələdiyyə sığınacağının mühafizəçisinə fiziki zor tətbiq etməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsan-Samqori Baş İdarəsinin əməkdaşları zorakılıq ittihamı ilə bir nəfəri saxlayıblar.
Nazirliyin məlumatına görə, istintaqla müəyyən edilib ki, cari il noyabrın 16-da iki nəfər Tbilisidə yerləşən heyvanlar üçün bələdiyyə sığınacağının ərazisinə icazəsiz daxil olmağa cəhd edib.
Mühafizə əməkdaşı onlardan əraziyə daxil olmamağı tələb edib. Bu zaman şəxslərdən biri mühafizəçiyə fiziki zor tətbiq edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində zorakılıqda şübhəli bilinən şəxsi saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə istintaq aparılır.
