“Əgər kimsə kimdənsə ayrılmaq istəyirdisə, bunun üçün kifayət qədər vaxtı var idi. Lakin onlar bunu etmədilər. Əksinə, fəxr edir və keçmişdə nümayiş etdirdikləri eyni həvəslə hərəkət edirlər”.
InterPress.ge xəbər verir ki, bunu parlament çoxluğunun üzvü Tornike Çeişvili Konstitusiya Məhkəməsində iclas başlamazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Çeişvilinin sözlərinə görə, cavabdef tərəfdən mahiyyət etibarilə yeni heç nə təklif olunmayacaq. O bildirib ki, qarşı tərəf hakimlərin ünvanlarına səsləndirdiyi ciddi suallardan yayınmaq üçün saxta narrativlərə əsaslanan fikirlər səsləndirəcək.
Deputatın fikrincə, müxalifət partiyalarının bir-birindən ayrılmağa çalışması hakim komandanın Konstitusiya Məhkəməsinə təqdim etdiyi iddianın əsaslı olduğunu göstərir.
“Onlar bu cür ucuz manevrlərə əl atmaqla yalnız bizim iddiamızın əsaslılığını təsdiqləyir, tələblərimizi daha da gücləndirir və bir növ özlərini ifşa edirlər. Eyni komandanın nümayəndələrinin bir-birinə zidd, tamamilə fərqli bəyanatlar verməsi mövqelər arasında uyğunsuzluğu açıq şəkildə ortaya qoyur. Bu da onların hazırkı konstitusiya prosesi fonunda nə qədər çətin vəziyyətdə olduqlarını göstərir.
Hər şey adi gözlə də aydın görünür. Həqiqət bizim tərəfimizdədir və biz məhz bu həqiqətin qalib gəlməsi, Gürcüstan siyasi spektrinin birdəfəlik “kollektiv Milli Hərəkat” adlanan ağır bəladan xilas olması üçün Konstitusiya Məhkəməsində təmsil olunuruq”, – deyə Çeişvili bildirib.
O, həmçinin müxalifət partiyalarının kollektiv məsuliyyət məsələsini kölgədə qoymağa çalışdığını qeyd edib.
Deputatın sözlərinə görə, onların vahid təşkilati struktur təşkil etdiyini sübut edən onlarla, hətta yüzlərlə dəlil, bəyanat, müvafiq sənəd və yaratdıqları siyasi alyanslar mövcuddur.
“Başa düşürəm ki, bu, hazırda onlar üçün çox əlverişsiz vəziyyət yaradır. Lakin artıq gecdir. Konstitusiya Məhkəməsi qarşısında bir-birindən uzaqlaşmağa çalışmaları sadəcə gülünc və tamamilə inandırıcı deyil.
Əgər kimsə kimdənsə ayrılmaq, törətdiyi ağır əməllərə görə məsuliyyətdən yayınmaq istəyirdisə, bunun üçün kifayət qədər vaxtı var idi. Lakin onlar belə addım atmadılar. Əksinə, bu proses bir daha göstərir ki, onlar keçmişdə uzun illər ərzində nümayiş etdirdikləri konstitusiyaya zidd fəaliyyət və niyyətlərlə bu gün də fəxr edir, eyni həvəsi nümayiş etdirirlər”, – deyə Tornike Çeişvili vurğulayıb.
