Azərbaycan MN: Şuşa istiqamətində mövqelərimiz atəşə tutulub
"Avqustun 20-si saat 01:23-dən etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərinin Xəlfəli yaşayış məntəqəsi ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində atıcı silahlardan fasilələrlə atəş açılıb".
InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Eyni zamanda bildirilir ki, Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdə də Azərbaycan bölmələrini atəşə tutub.
"Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 19-u saat 17:24-dən etibarən avqustun 20-si saat 00:25-dək Gorus rayonunun Xanazax, Basarkeçər rayonunun Aşağı Zağalı və Berd rayonunun Çinarlı yaşayış məntəqələri ərazisində yerləşən mövqelərindən Laçın rayonunun Cağazur, Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Cavab atəşilə qarşı tərəf susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur", - məlumatda qeyd edilib.


