Xarici İşlər Naziri vəzifəsindən istefa verdi
Gürcüstanın xarici işlər naziri David Zalkaliani istefa verib.
InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Ğaribaşvili hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Zalkaliani Gürcüstanın ABŞ-dakı səfiri təyin edilir. Baş nazirin qeyd etdiyinə görə, Gürcüstanın vəzifəsi iki ölkə arasında münasibətləri daha da yüksək səviyyəyə qaldırmaqdır.
“Baş nazirin müavini və xarici işlər naziri David Zalkaliani Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfir təyin edildi. Mən ona işinə görə təşəkkür etmək istəyirəm. Cənab Davidin böyük təcrübəsi var. 30 il Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə ölkəmizə xidmət edib. O, 30 ildir ki, demək olar ki, bütün mühüm qərarlarda iştirak edir. Hökumətimiz dövründə cənab David əvvəlcə nazir müavini, sonra nazir kimi istər Aİ-yə, istərsə də NATO-ya inteqrasiya kimi bütün sahələrdə strateji qərarların qəbulunda iştirak edib. Komandamız və hökumətimiz adından Datoya təşəkkür edirəm və ona gələcək fəaliyyətində uğurlar arzulayıram. Birləşmiş Ştatlar bizim ən mühüm strateji tərəfdaşımızdır və təbiidir ki, hökumətimiz bu qədər zəngin diplomatik təcrübəni belə məsul vəzifəyə təyin edəndə, bu, hər şeyi deyir. Bizim vəzifəmiz, istəyimiz odur ki, iki ölkə arasındakı münasibətləri başqa səviyyəyə qaldıraq. İnanıram ki, Dato bunu uğurla bacaracaq”, – Ğaribaşvili bildirib.


