Müxtəlif ölkələrdən 40 təşkilat Gürcüstan parlamentinə müraciət edib
Müxtəlif ölkələrdən olan 40 hüquq müdafiə təşkilatı Gürcüstan parlamentinə “xarici agentlər haqqında” qanun layihəsinin qəbul edilməməsi üçün müraciət edir.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Niderlandın Helsinki Komissiyası yayıb.
40 hüquq müdafiə təşkilatının imzaladığı müraciətdə deyilir ki, qanun layihəsi avtoritar dövlətlərin sərbəst toplaşmaq və ifadə azadlığına xələl gətirən, ölkədə demokratiya və vətəndaş cəmiyyətinə ciddi təhlükə yaradan təcrübəsini təkrarlayır.
“Gürcüstan demokratik idarəetmə göstəriciləri baxımından geriləyib və Avropa İttifaqının qiymətləndirilməsi ölkənin demokratik idarəçilik prinsiplərinə sadiqliyindən, konkret olaraq partiyasız institutların müstəqilliyindən asılıdır... Mövcud hökumətin hakimiyyəti cəmləşdirmək istəyi demokratiyanın azalmasına səbəb oldu. Müstəqil təsisatların, o cümlədən məhkəmə və nəzarət orqanlarının zəiflədilməsi bu məqsədə çatmaq üçün məlum strategiyadır”, - deyə bəyanatda bildirilir.
Bəyanatda bildirilir ki, Gürcüstanın siyasi elitası dil manipulyasiyasının “sovet texnikası”na yiyələnib və gündəlik həyata getdikcə daha çox ideologiya tətbiq edir.
“Biz, imzalayan təşkilatlar, Gürcüstan parlamentinin üzvlərini “xarici agentlər” haqqında təklif olunan qanunu qəbul etməməyə çağırırıq, çünki bu, ölkəni daha da Rusiyanın siyasi təsir orbitinə sürükləyəcək və gürcü xalqını Avropa arzularından uzaqlaşdıracaq. ", bəyanatda deyilir.


