09 
Mar
2023
10:59
236

DİN: Martın 7-8-də polis ümumilikdə 133 nəfəri saxlayıb

Tbilisidə keçirilən etirazlarda martın 7-8-də polis ümumilikdə 133 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bununla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun yaydığı məlumatda qeyd edilib ki, Daxili İşlər Nazirliyinin xəbərdarlığına baxmayaraq, aksiya iştirakçıları ifadə azadlığı və dinc toplaşmaq haqqında qanunla müəyyən edilmiş normalardan kənara çıxıblar. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.

"İctimai asayişin qorunması və mitinqin dinc şəraitdə keçirilməsini təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin müvafiq bölməsinin əməkdaşları martın 8-də Tbilisi şəhərində, qanunverici orqanın yaxınlığında və Rustaveli prospektində səfərbər edilib.

Aksiya bir neçə saat dinc şəkildə davam edib.

Daha sonra mitinq iştirakçılarından biri çıxışı zamanı toplaşanları qanunverici orqanı piketə çağırıb, bundan sonra aksiya iştirakçıları kütləvi şəkildə parlamentin girişlərini bağlamağa və binanı piket etməyə başlayıblar. Aksiya zamanı mitinq iştirakçıları ilə şifahi və fiziki qarşıdurmanın qarşısını almaq üçün parlament binasına polis qüvvələri yerləşdirilib.

Daxili İşlər Nazirliyinin xəbərdarlığına baxmayaraq, aksiya iştirakçıları ifadə azadlığı və dinc toplaşmaq haqqında qanunda müəyyən edilmiş normalardan kənara çıxıblar. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar. Toplananlar özlərini aqressiv apararaq qanunverici orqanın binası boyunca quraşdırılmış dəmir qoruyucu bəndləri, giriş qapılarını zədələyib, binanın pəncərələrini, dəmir barmaqlıqlarını sındırıb, parlamentin binasına və həyətinə daş, müxtəlif əşyalar, pirotexniki vasitələr atıblar ki, bu da ağır nəticələrə səbəb ola bilərdi.

Parlament binası yaxınlığında və Rustaveli prospektində mitinq iştirakçılarının etiraz formaları tədricən son dərəcə şiddətli xarakter alıb.

Daxili İşlər Nazirliyinin polis qüvvələri asayişi qorumaq, qanunu pozan şəxslərin zorakılıq və aqressiv hərəkətlərinin qarşısını almaq məqsədilə Gürcüstanın “Polis haqqında” Qanununda nəzərdə tutulmuş müvafiq tədbirlərdən və xüsusi vasitələrdən istifadə edib.

Polis dəfələrlə gərgin vəziyyəti aradan qaldırmağa çalışıb - onlar aqressiv şəxsləri parlamentin ətrafındakı ərazidən uzaqlaşdırıb və mitinq iştirakçılarını dinc şəkildə dağılışmağa çağırıblar, lakin onlar zorakılıqlarını davam etdirib və hüquq-mühafizə orqanlarının qanuni tələblərinə tabe olmayıblar.

Rustaveli prospektinə toplaşanlar polislərə "molotof kokteyli", daş, taxta dirək və digər əşyalar atmağa başlayıblar. Mitinq iştirakçıları Daxili İşlər Nazirliyinə məxsus bir neçə avtomobilə ziyan vurub, aşırıb və yandırıblar, Xüsusi Təyinatlılar İdarəsinin avtobusuna, yanğınsöndürən maşınına, Rustaveli prospektində yerləşən binaların fasadlarına ziyan vurub, şüşələri sındırıblar. Rustaveli prospektinə toplaşanlar Tbilisi meriyası xidmətlərinə məxsus maddi əmlaka, o cümlədən küçədə dayanan zibil qutularına od vurub, stullara və ictimai nəqliyyatı gözləmə yerlərinə ziyan vurublar.

Aksiya iştirakçıları gecə boyu müxtəlif yerlərdə ictimai asayişi kobud şəkildə pozaraq polis əməkdaşlarına müqavimət göstəriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmama faktlarına görə İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə inzibati qaydada 66 nəfəri saxlayıblar.

Daxili İşlər Nazirliyi Gürcüstan Cinayət Məcəlləsinin 353 və 187-ci maddələri ilə parlamentin yaxınlığında keçirilən etiraz aksiyası zamanı baş vermiş qanun pozuntuları və zorakılıq hadisələri ilə bağlı araşdırmalara başlayıb.

Parlament binasının ətrafı və Rustaveli prospektində polisə hücum edən və digər zorakılıq hərəkətləri edən şəxslərin müəyyən edilərək tutulması istiqamətində istintaq tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cari il martın 7-8-də parlamentin ətrafında keçirilmiş etiraz aksiyası zamanı baş vermiş qanun pozuntuları, o cümlədən polisə hücum etmək faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 353-cü Prima Maddəsi ilə bir nəfəri saxlayıb, İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələrinə əsasən ümumilikdə 133 nəfər inzibati qaydada tutulub”, - qurumun yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın