Gürcüstanın əhalisinin statistikası açıqlandı
2023-cü il yanvarın 1-nə Gürcüstan əhalisinin sayı 3 736 400 nəfər təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.
Qeyd edək ki, 2022-ci ildə mənfi təbii artım (-6 799) və müsbət miqrasiya saldosu (54 509) olub.
2023-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstan əhalisinin 60,4 faizi şəhər qəsəbələrində yaşayır. Bundan əlavə, Tbilisi əhalisi ümumi əhalinin demək olar ki, üçdə birini təşkil edir.
2023-cü il yanvarın 1-nə 0-14 yaşlı əhalinin bütün əhali tərkibində xüsusi payı 20,7 faiz, əmək qabiliyyətli əhalinin (15-64 yaş qrupu) xüsusi payı 63,8 faiz, yaşı 65 və yuxarı olan əhalinin xüsusi payı isə 15,6 faiz təşkil edib.
2023-cü il yanvarın 1-nə olan məlumata görə, kişilərin sayı 1 milyon 793 min 800 nəfər, qadınların sayı isə 1 milyon 942 min 500 nəfər olub. Bundan başqa, Gürcüstan əhalisinin 48 faizini kişilər, 52 faizini isə qadınlar təşkil edir.
Cins nisbəti 92-dir, yəni hər 100 qadına 92 kişi düşür. Qeyd edək ki, 35 yaşa qədər kişilərin sayı qadınları üstələyir, 35 yaşdan sonra isə bunun əksi mənzərə müşahidə olunur ki, bu da qadınların kişilərə nisbətən daha uzun ömür sürməsi ilə bağlıdır.
Əvvəlki illə müqayisədə 2022-ci ildə gözlənilən ömür uzunluğu 2,3 vahid artaraq 73,7, o cümlədən kişilər üçün 69,4, qadınlar üçün 78,1 yaş təşkil edib.
2023-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstan əhalisinin orta yaşı 38-dir.


