Aprel-iyun aylarında Gürcüstanda müayinədən keçən 1339 nəfərdən 968 nəfərində narkomaniya aşkarlanıb
Bu ilin ikinci rübündə (aprel-iyun ayında) Daxili İşlər Nazirliyinin Ekspert-Kriminal Baş İdarəsinin Narkotiklərlə Mübarizə Xidməti tərəfindən ölkə üzrə 1339 nəfər narkomaniyaya görə müayinədən keçirilib, onlardan 968 nəfərin narkotik vasitə aludəçisi olduğu müəyyən edilib.
lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, qeyd olunan 3 ayda narkomaniya ilə bağlı müayinədən keçən şəxslərdən 3-ü azyaşlı olub, onların hamısının narkotik aludəçisi olduğu təsdiqlənib.
Sənədə əsasən, II rübdə Daxili İşlər Nazirliyinin Ekspert-Kriminal Baş İdarəsinin Narkotiklərlə Mübarizə Xidməti tərəfindən 25-44 yaş qrupundan olan ən çox 789 kişi müayinədən keçirilib ki, onlardan da 587 nəfərinin narkotik aludəçisi olduğu ortaya çıxıb.
Qadınların müayinəsinin nəticələrinə gəlincə, bütün yaş kateqoriyaları üzrə müayinədən keçən 49 qadından 19-nun narkotik vasitə qəbul etdiyi təsdiq edilib.
Daxili İşlər Nazirliyinin statistik məlumatlarına əsasən, Ekspert-Kriminal İdarəsinin Narkotiklərlə Mübarizə Xidməti ən çox Tbilisi və Kaxeti bölgəsində narkotik maddələrin təsiri ilə bağlı yoxlayış keçirib.
Xatırladaq ki, 2023-cü ilin ilk üç ayının məlumatlarına əsasən, ölkə üzrə 1241 nəfər narkomaniyaya görə müayinədən keçirilib, onlardan 928 nəfərin narkotik vasitə aludəçisi olduğu təsdiqlənib.


