Gürcüstan əhalisinin sayı açıqlanıb
2023-cü il yanvarın 1-nə Gürcüstan əhalisinin sayı 3 736,4 min nəfər təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Qeyd edək ki, 2022-ci ildə mənfi təbii artım (-6 799) və müsbət miqrasiya saldosu (54 509) olub.
InterPress.ge xəbər verir ki, bu, Sakstat-ın məlumatında öz əksini tapıb.
Məlumata görə, 2023-cü il yanvarın 1-nə Gürcüstan əhalisinin 48,0 faizini kişilər, 52,0 faizini isə qadınlar təşkil edir. 0-14 yaşlı kişilərin ümumi əhali içərisindəki xüsusi çəkisi qadınların nisbətini üstələyir, 65 və yuxarı yaşda olan əhali arasında qadınlar kişiləri üstələyir ki, bu da qadınların gözlənilən ömür uzunluğunun kişilərə nisbətən daha yüksək olmasından qaynaqlanır.
2023-cü il yanvarın 1-nə əhalinin sıxlığı 1 kv.km-ə 65,3 nəfər olub. Gürcüstanın paytaxtı əhalinin ən sıx məskunlaşdığı şəhərdir, burada 1 kv.km-ə 2462,5 nəfər düşür. Tbilisidən sonra ən sıx məskunlaşılan Acarıstan MR-dir (124,6 nəfər), Şida Kartli (72,9 nəfər) və İmereti (72,2 nəfər). Raça-Leçxumi və Kvemo Svaneti bölgəsi daha az sıx məskunlaşılan yerdir, burada 1 kv.km-ə 5,9 nəfər yaşayır.
2023-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstan əhalisinin 60,4 faizi şəhər tipli qəsəbələrdə yaşayır. Bundan əlavə, Tbilisi əhalisi ümumi əhalinin demək olar ki, üçdə birini təşkil edir.