Bu gündən Gürcüstanda şəkərə idxal vergisi tətbiq edildi
Bu gündən Gürcüstanda şəkərə idxal vergisi tətbiq edilib. Hökumətin qərarına əsasən, 100 kq-dan çox şəkər idxal edilərkən sərbəst dövriyyəyə buraxılma prosedurunda 1 kiloqram üçün 40 tetri müəyyən edilib. Yəni, hər bir ton şəkər üçün idxal vergisi 400 lari olacaq.
InterPress.ge xəbər verir ki, istisnalar şəkər üçün verilmiş EUR.1 imtiyazlı mənşə sertifikatından istifadə halları və ya mənşə bəyannaməsinə əsaslanan vergi güzəştləridir.
Bundan başqa, qərarın qüvvəsi bu qərar dərc olunana qədər dəniz yolu ilə daşınmış şəkərin sərbəst dövriyyəyə buraxılması qaydasında qeydiyyata alınmasına şamil edilmir.
Məlumat üçün bildirək ki, hökumətin sözügedən qərarı 2024-cü il iyulun 1-dək qüvvədə olacaq.
Qeyd edək ki, şəkər idxalı rekord səviyyədədir. Bu ilin 10 ayında Gürcüstana 83 milyon 803 min 130 ABŞ dolları dəyərində şəkər idxal edilib ki, bu da son 15 ildə rekord göstəricidir.