18 
Yan
2024
20:25
4087

Gürcüstandakı Azərbaycan dilli məktəblərin problemləri və inkişaf perspektivləri

Bildiyimizi kimi, Gürcüstanın təhsil sistemi hələ də bir çox problemlərlə üzləşir. Məhz bu problemlər elə orta məktəblərdən başlayır. Mənim fikrimcə ən böyük problemlərdən biri dərsliklərin gürcü dilindən Azərbaycan dilinə düzgün tərcümə edilməməsidir. Bir çox hallarda elə səhvlərə rast gəlinir ki, şagird mövzunun nədən ibarət olduğunu və tapşırığın məğzini qavraya bilmir.

Eyni zamanda, bəzi hallarda müəllimlərin yeni metod və metodologiyanı öyrənmək istəməməsi, yəni onların səhlənkarlığı və məsuliyyətsizliyi, bəzən də bəzi müəllimlərin eqoistliyi də təhsildə müəyyən, özü də ciddi problemlər yaradır. Bu problemlər sırasında  şagirdlərədə ruh düşgünlüyünün yaranması, onların dərsdən yayınması və təhsilə, bununla da öz gələcəyinə biganə, məsuliyyətsiz yanaşaması və s. amillər var.

Bəzən də məktəblərdə dərs deyən müəllimlərin bir çoxu müasir metodlardan istifadə edə bilmir. Bu da şagirdlərin daha mütərəqqi metodlarla təhsil almasına mane olur.

Qeyd edək ki, məktəbdə işləyən müəllimlərin, əsasən yaşlı nəslin nümayəndələrinin əksəriyyəti Sovet dövründə, ənənəvi sistemə uyğun təhsil alıb. Onlar dərsləri elə həmin sistemə uyğun keçir, təhsilə heç bir yenilik gətirmir, şagirdi ev tapşırıqları ilə yükləyirlər.  Müasir təhsil sistemi isə bizdən bunu tələb etmir. Yeni sistemə əsasan müəllim dərsi bir çox maraqlı müasir metodlara əsasən keçməlidir. O, maksimum şəkildə əlverişli mühit yaratmalıdır ki, şagird fikirlərini tam, rahat şəkildə ifadə edə bilsin.

Burada mən, əsasən müəllim və şagird arasındakı əlaqəni nəzərdə tuturam. Fikirmcə, onlar arasında elə bir əlaqə olmalıdır ki, şagird dərsini, özünü buna məcbur hiss etdiyi üçün deyil, sevdiyi  və doğurdan da maraqlandığı üçün öyrənsin. Öyrəndiyi mövzunu cəmiyyətlə əlaqələndirə bilsin.

Təəssüf ki, bir çox müəllim qeyd olunan yeniliklərə açıq deyil və müasir metodları qəbul etmək istəmir. Onların fikirincə, dərs prosesində ən çox müəllim danışmalı və şagir isə dinləməlidir. Ancaq, müasir sistemin tələbinə əsasən müəllim “passiv rol” yerinə yetirməlidir. O, şərait yaratmalıdır ki, şagird problemi özü araşdıraraq həll etsin. Bu zaman o, problemi özü araşdırdığı üçün mövzunu daha dərindən qavrayır və bu isə onun təhsilin daha keyfiyyətli olmasına təkan verir.

Marneuli rayonunun Keşəli ictimai məktəbinin gənc riyaziyyat müəllimi Leyla Əliyeva söhbət zamanı vurğulayıb ki, məktəblərdə ən böyük problemlərdən biri sinifdə şagird sayının çox və dərs müddətinin az olmasidır. Onun sözlərinə görə, həm dərs vaxtı, həmdə şagird sayı düzgün balanslaşdırılmalıdır ki, müəllim hər bir şagirdlə yetərincə məşğul ola bilsin. Eyni zamanda, həftədə ən azı bir dəfə də olsa eyni sinifdə iki müəllim əməkdaşlıq edərək, bir-birlərinin təcrübəsindən faydalanaraq birgə dərs keçsələr daha yaxşı olar. Ona görə ki, müəllim mübadiləsi, şagirdlərin müxtəlif mövzulara, həyata baxışı daha yaxşı təsir göstərir.

O, qeyd edib ki, bu problemlərlə yanaşı şagirdlər məktəblərdə ləvazimat çatışmazlığındanada əziyyət çəkirlər. Onun sözlərinə görə, şagirdlərin bir çox maraqlı təcrübələr aparması üçün məktəblərdə lazımı şərait yaradılsa daha faydalı olar.

İlya Dövlət Universitetinin, gürcü filologiya fakültəsinin 2-ci kurs tələbəsi Günel Caxanovanın sözlərinə görə məktəblərimizdə aradan qaldırılması vacib olan ən böyük problemlərdən biri, tədris ocaqlarında lazımi şəraitin və təmirin olmamasıdır.

“Mən məktəbi üç il bundan əvvəl bitirmişəm. Hər gün dərsə gedib, yaxşı oxumağıma baxmayaraq bəzən şəraitsizlik məni ruhdan salırdı. Demək olarkı, sinifdə hər şey köhnə və sınıq idi. Bu da istər istəməz bizdə narahatçılıq yaradırdı və dərsə tam diqqət yetirə bilmirdik. Hətta bəzən, əsasəndə qış aylarında məktəbə getmək belə istəmirdim" - deyə G. Caxanova vurğulayıb.

Onun sözlərinə görə, ikinci böyük problemlərdən biridə əsasən Sovet dövründə təhsil almış, yaşlı kadrların öz dərs metodlarına yenilik gətirməməsidir. Onların müəllimlər üçün nəzərdə tutulan əlavə məlumatlandırıcı görüşlərə qoşulmamaları təbii ki, dərslərin keyfiyyətinə öz mənfi təsirini göstərir.

Mən, gələcəyin bir müəllimi olaraq, ümüd edirəm ki, yaxın gələcəkdə artıq bu kimi problemlər fəal, yeniliyə açıq kadrların vasitəsi ilə aradan qaldırılacaq və təhsil sistemimiz dahada güclənəcəkdir. Gürcüstanda yaşayan azərbaycanlılar arasında parlaq gələcəyi olan perspektivli yeniyetmə və gənclər var. Sadəcə olaraq onlara təkan, düzgün istiqamət vermək lazımdır.

 

Aysun Əhmədova
İlya Dövlət Universitetinin ikinci kurs tələbəsi

Bizimlə əlaqə saxlayın