ABŞ prezidenti Donald Tramp 12 ölkənin vətəndaşlarına ölkəyə tam giriş qadağası tətbiq etdi
ABŞ-ın prezidenti Donald Tramp ölkəyə 12 ölkənin vətəndaşlarının girişini tamamilə qadağan edən sərəncamı imzalayıb.
InterPress.ge xəbər verir ki, Tramp bu qərarını sosial şəbəkə TruthSocial-da açıqlayıb. Ağ Evin rəsmi saytında isə müvafiq mətbuat açıqlaması dərc olunub.
Tam qadağa Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarına şamil edilir. Bununla belə, ABŞ-ın qanuni daimi sakinləri, etibarlı vizası olan şəxslər, bəzi kateqoriyalı vizaların sahibləri və ölkənin milli maraqları baxımından əhəmiyyət daşıyan şəxslər üçün istisnalar nəzərdə tutulub.
Qismən qadağa isə Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına tətbiq olunur. Bu ölkələrin vətəndaşlarına turist və ya tələbə vizası verilməyəcək. Bununla belə, iş məqsədilə və ya ABŞ-da yaşayan qohumları ilə birləşmək üçün viza almaq imkanları qalacaq.
“Ağ Evdən verilən məlumata görə, prezident Donald Tramp ölkənin təhlükəsizliyini xarici terrorçulardan, milli və ictimai təhlükəsizliyə digər potensial təhdidlərdən qorumaq məqsədilə bu sərəncamı imzalayıb.”
Bu qərarların əsaslandığı ölkə siyahısı ABŞ Dövlət Departamentinin yanvar ayından bəri apardığı təhlil əsasında hazırlanıb.
Donald Trampın sözlərinə görə, bu addımın əsas səbəbi Kolorado ştatının Boulder şəhərində baş vermiş hücum olub. Belə ki, ABŞ-da həyat yoldaşı və övladları ilə qeyri-qanuni yaşayan Misir vətəndaşı yəhudi fəallara qarşı "Molotov kokteyli" ilə hücum edib və “Fələstin azad olsun!” deyə qışqırıb. Media məlumatına əsasən, hücum nəticəsində 15 nəfər xəsarət alıb.
“21-ci əsrdə biz terror hücumlarının, vizalarının müddəti bitmiş və dünyanın ən təhlükəli bölgələrindən gəlmiş şəxslər tərəfindən həyata keçirildiyini müşahidə etmişik,” – deyə Tramp bildirib. Onun sözlərinə görə, bu cür insanlar ABŞ-da milyonlarla saydadır.
Terror hücumlarından danışan Tramp qeyd edib ki, “Avropada baş verənlərin ABŞ-da da baş verməsinə imkan verməyəcək.” O, əlavə edib ki, bu siyahıya yeni ölkələr də əlavə oluna bilər.


