ABŞ İranın nüvə obyektlərini B-2 bombardmançıları və GBU-57A/B “bunker dağıdan” bombaları ilə vurdu – CNN
CNN telekanalının məlumatına görə, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə obyektlərinə edilən hücumlar zamanı ABŞ Hərbi Hava Qüvvələrinin B-2 tipli strateji bombardmançıları istifadə olunub.
Məlumata əsasən, B-2 Spirit ABŞ-ın ən qabaqcıl bombardmançı təyyarəsidir. Dörd mühərrikli bu təyyarə həm nüvə, həm də adi silahlarla təchiz oluna bilər. İki nəfərlik ekipaj tərəfindən idarə olunan B-2 təxminən 20 ton yükdaşıma qabiliyyətinə malikdir və hava yanacağı ilə təchizat şəraitində praktik olaraq limitsiz uçuş məsafəsinə sahibdir.
ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında cəmi 20 belə bombardmançı mövcuddur və onlar Missuri ştatındakı Uaytmen Hərbi Hava Qüvvələri bazasında yerləşdirilib. Hər bir B-2 bombardmançısının dəyəri təxminən 2 milyard ABŞ dollarıdır.
CNN-in hərbi əməliyyatla bağlı iki mənbəsinə istinadən verdiyi xəbərə görə, ABŞ hücum zamanı yüksək nüfuzedici döyüş sursatı olan GBU-57A/B bombasından istifadə edib. Bu bomba "bunker dağıdan" kimi tanınır və yeraltı möhkəmləndirilmiş hədəfləri məhv etmək üçün nəzərdə tutulub.
Qeyd olunur ki, GBU-57A/B bombalarını daşıya bilən yeganə ABŞ təyyarəsi məhz B-2 bombardmançısıdır.


