
İran: ABŞ-ın aqressiyası ciddi nəticələrə səbəb olacaq – Abbas Araqçi
İranın xarici işlər naziri Abbas Araqçi bəyan edib ki, "müharibənin qızışdırıcısı" olan Ağ Ev öz hərəkətlərinin nəticələrinə görə tam məsuliyyət daşıyacaq.
O, İstanbulda keçirdiyi mətbuat konfransında bildirib:
“İran İslam Respublikası ABŞ-ın İranın dinc nüvə obyektlərinə qarşı həyata keçirdiyi amansız hərbi aqressiyasını qətiyyətlə pisləyir. Bu, BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinin ağır və misilsiz pozuntusudur. Vaşinqtonun müharibə təhrikçisi və qeyri-qanuni administrasiyası öz aqressiv aktının təhlükəli nəticələri və genişmiqyaslı təsirləri üçün tam məsuliyyət daşıyır”.
Araqçiyə görə, İran özünü yalnız ABŞ-ın hərbi hücumlarından deyil, həm də “İsrail rejiminin düşünülməmiş və qeyri-qanuni hərəkətlərindən” müdafiə etmək üçün bütün zəruri vasitələrlə tədbir görməkdə davam edəcək.
Nazir həmçinin bildirib ki, ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan sonra diplomatiyaya yerin qalıb-qalmadığı bəlli deyil:
“Onlar çox ciddi bir qırmızı xətti keçdilər. Biz bu hücuma legitim müdafiə hüququmuz çərçivəsində cavab verməliyik”.
Araqçi qeyd edib ki, bölgədə bir neçə xarici işlər naziri ilə əlaqə saxlayıb və onların əksəriyyəti vəziyyətin ciddiliyindən narahat olduqlarını bildiriblər: “Onların böyük əksəriyyəti İsrailin təcavüzünün dayandırılmasında iştirakla maraqlıdır”.