18 
Sen
2025
12:24
330

Avrokomissiya İsrailə qarşı sanksiyalar təqdim etməyi planlaşdırır

Avrokomissiya bu gün Avropa İttifaqı Şurasına İsrail ilə Assosiasiya Sazişinin bəzi ticarət müddəalarının dayandırılması barədə təklif təqdim edib.

InterPress.ge xəbər verir ki, məlumat Aİ-nin rəsmi saytında yerləşdirilib.

Təklif həmçinin “ekstremist nazirlərə”, Qərb sahilində zorakılıq törədən məskunlaşanlara və “Həmas” üzvlərinə qarşı sanksiyaların tətbiqini də nəzərdə tutur.

Avrokomissiya İsrailə göstərilən ikitərəfli dəstəyi də dayandırır, lakin bu qərar vətəndaş cəmiyyətinə və Holokost qurbanlarının xatirə kompleksi – “Yad Vaşem” muzeyinə dəstəyi istisna edir.

“Xüsusilə, bu addım 2025-2027-ci illərdə nəzərdə tutulmuş maliyyələşməyə, davam edən əməkdaşlıq layihələrinə və Aİ-İsrail regional əməkdaşlıq fondunun çərçivəsində maliyyələşən təşəbbüslərə təsir göstərəcək”, – deyə məlumatda qeyd olunur.

Avrokomissiyanın bu təklifi İsrailin sazişin 2-ci maddəsinin tələblərini pozması ilə bağlıdır. Məlumata görə, İsrail hökumətinin fəaliyyəti insan hüquqları və demokratik prinsiplərə hörmətin pozulması kimi qiymətləndirilir ki, bu da Aİ-yə sazişi birtərəfli qaydada dayandırmaq hüququ verir.

Məlumatda vurğulanır ki, sözügedən pozuntu Qəzzada sürətlə pisləşən humanitar vəziyyət, İsrailin hərbi əməliyyatları, humanitar yardımın blokadası, hərbi müdaxilənin intensivləşməsi, həmçinin İsrail hökumətinin Qərb sahilindəki E1 zonasında məskunlaşma planını irəli çəkməsi ilə bağlıdır. Bu isə iki dövlət prinsipi əsasında münaqişənin həllinə daha da zərbə vurur.

Avrokomissiya izah edir ki, dayandırma sazişin əsas ticarət müddəalarına aiddir və praktikada o deməkdir ki, İsraildən idxal olunan məhsullar Aİ bazarında imtiyazlı çıxış imkanını itirəcək. Beləliklə, həmin məhsullara Aİ-nin azad ticarət sazişi olmayan digər ölkələrdən gətirilən mallara tətbiq edilən rüsumlar qoyulacaq.

Qərarın qüvvəyə minməsi üçün Şuranın ixtisaslı səs çoxluğu ilə təsdiqi tələb olunur. Qəbul edildikdən sonra, dayandırma haqqında məlumat Aİ-İsrail Assosiasiya Şurasına göndəriləcək və bildirişdən 30 gün sonra qüvvəyə minəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər