Tramp və Netanyahudan Qəzza planı: “Tarixi gün, sülhə daha yaxınıq”
ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu Qəzza sektorunda müharibənin dayandırılması planını təqdim ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə onlar danışıqlardan sonra keçirdikləri birgə mətbuat konfransında bildirib.
Trampın açıqladığı 20 maddəlik plana görə:
Qəzzada beynəlxalq iştirakla müvəqqəti xarici idarəetmə qurulacaq.
Sakitliyin təmin olunması üçün beynəlxalq qüvvələr yerləşdiriləcək.
Məcburi köçürülmə olmayacaq.
Həmas idarəçilikdən kənarlaşdırılacaq. Silahı könüllü təhvil verənlərə amnistiya vəd olunacaq.
İsrailin razılığından sonra 72 saat ərzində bütün girovlar – həm sağ, həm də həlak olanlar – azad edilməlidir.
İsrail 250 ömürlük məhbusu və 2023-cü ilin 7 oktyabrından sonra həbs edilən 1700 nəfəri azad etməyə hazırdır.
“Biz Qəzza İdarəetmə Şurası yaradırıq. Burada hörmətli insanlar olacaq – mən, Toni Bler və başqaları. Dünya Bankı və digər institutlarla işləyəcəyik. Həmas Qəzzanın idarəsində heç bir rol oynamayacaq – nə birbaşa, nə də dolayı yolla”, – deyə Tramp bildirib.
ABŞ prezidenti vurğulayıb ki, plan Qəzzanın İsrail tərəfindən ilhaqını və ya işğalını nəzərdə tutmur. O, Netanyahunu razılaşmaya görə təşəkkür edib:
“Biz heç vaxt olmadığı qədər sülhə yaxınıq. Bu, yalnız Qəzzanın gələcəyi ilə bağlı deyil, həm də bütün Yaxın Şərqdə sülh deməkdir. Bu, tarixi gündür. İran, ticarət, ‘Avraham sazişinin’ genişlənməsi, Qəzzada müharibənin sonu – bunların hamısı bir planın tərkib hissəsidir. Region ölkələrinin dəstəyi inanılmazdır”, – deyə Tramp vurğulayıb.
Eyni zamanda, Tramp xəbərdarlıq edib ki, Həmas təklifə razılaşmasa, İsrail lazım olan addımı atacaq.
Netanyahunun sözlərinə görə, Həmas dərhal girovları azad etməli, silahı təhvil verməlidir, bundan sonra İsrail “mülayim geri çəkilməyə” hazır olacaq.
“Sizin rəhbərliyiniz altında biz müharibəni dayandırmağa və sülhə nail olmağa doğru addım atırıq. Budur, bizim planımız: bütün girovlar dərhal evlərinə qayıdır, Həmas silahsızlaşdırılır, Qəzza silahsızlaşdırılır, Həmas idarədən uzaqlaşdırılır”, – deyə İsrailin baş naziri bəyan edib.
O, həmçinin əlavə edib ki, əgər Həmas Trampın planını qəbul etməsə və ya formal razılıq versə, amma başqa cür hərəkət etsə, İsrail müharibəni sona qədər aparacaq:
“Yaxşılıqla, ya da pisliklə – bütün məqsədlər yerinə yetiriləcək”, – deyə Netanyahu bildirib.


