12 
Okt
2025
10:10
584

Avropa İttifaqında sərhəd keçidi üçün yeni sistem qüvvəyə mindi

12 oktyabrdan etibarən Avropa İttifaqında sərhəd keçidi ilə bağlı yeni qaydalar tətbiq olunmağa başlayıb. Yeni prosedur bütün üzv dövlətlərdə qüvvədə olacaq və üz tanıma (üz skaneri) ilə barmaq izlərinin götürülməsini nəzərdə tutur.

InterPress.ge xəbər verir ki, bu barədə “UNIAN” agentliyi məlumat yayıb.

Yeni sistem ölkəyə daxil olan və çıxan bütün şəxslər üçün daimi şəkildə işləyəcək. Avropa İttifaqının əsas məqsədi qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni gücləndirmək, məlumat bazasını modernləşdirmək, üzv ölkələr arasında əlaqəni artırmaq və xüsusilə Şengen zonasının xarici sərhədlərində üçüncü ölkə vətəndaşlarının daha effektiv nəzarətini təmin etməkdir.

Avropa Parlamenti sərhəd keçidi üçün nəzərdə tutulan yeni “Giriş-Çıxış Sistemi”ni (Entry/Exit System – EES) bu ilin iyulunda təsdiqləyib. Bu sistem Avropa İttifaqına üzv olmayan bütün ölkələrin vətəndaşlarına şamil edilir.

Yeni qaydalara əsasən, pasportda adi möhür əvəzinə turistlər barmaq izi, üzün skan edilməsi və beynəlxalq pasportun təqdim olunması kimi biometrik məlumatların toplanmasını əhatə edən prosedurdan keçəcəklər. Şəxslər həmçinin şəxsi məlumatlarının işlənməsinə razılıq verməlidirlər. Bu məlumatlar daim yenilənəcək mərkəzləşdirilmiş bazada saxlanılacaq və Avropa ölkələrinə giriş-çıxış barədə məlumatları özündə birləşdirəcək.

Biometrik məlumatların toplanması və yeni texnoloji tədbirlərin tətbiqi səbəbindən sərhəd keçidi və məlumatların işlənməsi prosesi əvvəlkindən daha çox vaxt apara bilər.

Məlumata görə, bu prosedur bir dəfəlik deyil, Avropa İttifaqı ölkələrinin sərhədlərini keçən hər kəs üçün hər dəfə həyata keçiriləcək. Yeni sistem gələn ilin martına qədər pasport möhürlərini tam əvəz edəcək və məlumatların toplanması avtomatik şəkildə aparılacaq.

Polşa artıq yeni sistemi sınaqdan keçirib, 12 oktyabrdan etibarən EES mərhələli şəkildə digər üzv ölkələrdə də tətbiq olunacaq. Gözlənilir ki, sistem yaxın zamanda bütün uyğun sərhəd-keçid məntəqələrində eyni vaxtda fəaliyyət göstərəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər