Defense One: Tramp administrasiyasının genişləndirilmiş təhlükəsizlik strategiyası Avropada yeni siyasi kursu nəzərdə tutur
Defense One ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasının daha geniş, ictimaiyyətə açıqlanmayan versiyasından əldə edilmiş məlumatları yayıb. Sənəd Tramp administrasiyasının mövcud müttəfiqlikləri sarsıtmaq və yeni tərəfdaşlıqlara üstünlük vermək niyyətlərini əks etdirir.
Strategiya “güclü, ənənəvi ailələrin” qorunmasını və “Amerikanın mənəvi və mədəni sağlamlığının yenilənməsini” əsas hədəflər kimi göstərir. Bu yanaşma nəinki əvvəlki administrasiyadan, hətta Trampın birinci prezidentlik dövrünün strategiyasından da ciddi şəkildə fərqlənir.
Sənədin açıq versiyasında NATO-nun “davamlı genişləndirilməsinin dayandırılması” ilə bağlı çağırış yer alsa da, tam mətn Tramp administrasiyasının “Avropanın yenidən əzəmətli olmasına” (Make Europe Great Again) dair planlarını daha ətraflı təsvir edir.
Strategiyaya görə, Avropa hazırkı miqrasiya siyasəti və “söz azadlığının məhdudlaşdırılması” səbəbindən “sivilizasiyanın silinməsi” təhlükəsi ilə qarşı-qarşıyadır. Buna görə ABŞ-ın Avropa ölkələri ilə əlaqələri yalnız oxşar baxışları bölüşən bir neçə dövlətlə daha sıx qurması təklif olunur. Bu dövlətlərin hazırda əsasən sağçı hökumətlər və siyasi hərəkatlar tərəfindən idarə olunduğu bildirilir.
Defense One yazır ki, strategiyada Avstriya, Macarıstan, İtaliya və Polşa ABŞ-ın daha güclü əməkdaşlıq qurmalı olduğu ölkələr kimi göstərilir. Mətnə əsasən, belə yaxınlaşma bu ölkələrin gələcəkdə Avropa İttifaqından çıxarılmasına da zəmin yarada bilər.
Sənəd həmçinin vurğulayır ki, Vaşinqton Avropada suverenlik və ənənəvi həyat tərzinin qorunmasına çalışan partiya, hərəkat, intellektual və mədəni şəxsləri dəstəkləməlidir. Məqsəd kimi isə proamerikan baxışların gücləndirilməsi qeyd olunur.


