Brüsselin mərkəzində fermerlərin etiraz aksiyası dağıdılıb
Belçikanın paytaxtı Brüsselin mərkəzində etiraz aksiyası keçirən minlərlə fermerə qarşı polis gözyaşardıcı qaz və su şırnaqlı maşınlardan istifadə edib.
InterPress.ge xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.
Telekanalın məlumatına görə, fermerlər Avropa Şurasının sammitinin keçirildiyi Brüsseldə Avropa İttifaqı ilə Cənubi Amerika ölkələri arasında planlaşdırılan ticarət sazişinə etiraz etmək üçün toplaşıblar. Aksiya iştirakçıları şəhərin mərkəzi küçələrini traktorlarla bağlayıb, bəzi binalara kartof və yumurta atıblar.
Fermerlərin sözlərinə görə, Avropa İttifaqının Braziliya, Argentina, Uruqvay, Paraqvay və Boliviya ilə imzalamağa çalışdığı ticarət sazişi onları qeyri-bərabər şəraitdə qoyacaq. Belə ki, razılaşmaya əsasən, bu ölkələrdən idxal olunan məhsullara tətbiq edilən gömrük rüsumlarının 15 il müddətinə ləğv edilməsi nəzərdə tutulur.


