Avropa İttifaqının sanksiyalar məsələləri üzrə nümayəndəsi Devid O'Sallivan: Avropa İttifaqına üzv olmayan heç bir ölkə bizim tətbiq etdiyimiz sanksiyalara riayət etmək öhdəliyi daşımır
Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sullivan The Guardian nəşrinə eksklüziv müsahibəsində Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar barədə danışıb.
Aİ institutlarında 40 ildən artıq təcrübəyə malik olan O'Sallivan 2022-ci ilin dekabrında sanksiyalar üzrə Aİ-nin xüsusi nümayəndəsi təyin edilib. Onun əsas vəzifəsi sanksiyalardan yayınma və onların dolanılması hallarına qarşı mübarizə aparmaqdır.
O'Sallivan bildirib ki, o, Aİ tələblərinə əməl olunmaması ilə bağlı ölkələri ittiham edərkən “çox ehtiyatlı davranır”.
“Dünyada Aİ-yə üzv olmayan heç bir ölkənin bizim tətbiq etdiyimiz sanksiyalara əməl etmək öhdəliyi yoxdur”, – deyə o qeyd edib.
Aİ 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Rusiyaya qarşı misli görünməmiş – ümumilikdə 19 sanksiya paketi qəbul edib. Sanksiyalar 2700-dən çox fiziki və hüquqi şəxsi əhatə edib, enerji, aviasiya, informasiya texnologiyaları, lüks və istehlak malları, almaz və qızıl kimi sahələrdə ticarətə ciddi məhdudiyyətlər tətbiq olunub.
Aİ-nin məqsədi digər ölkələri Avropa mallarının, xüsusilə hərbi məqsədlər üçün istifadə oluna biləcək komponentlərin Rusiyaya yenidən satışına imkan verməməyə inandırmaqdır.
O'Sallivanın sözlərinə görə, Aİ Mərkəzi Asiya, Qafqaz, Türkiyə, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri və daha məhdud miqyasda Malayziya vasitəsilə silah istehsalı üçün kritik əhəmiyyət daşıyan məhsulların birbaşa reeksportunun qarşısının alınmasında müəyyən uğurlar əldə edib.
O vurğulayıb ki, sanksiyalardan yayınma halları əksər hallarda hökumətlər tərəfindən deyil, qazanc əldə etmək imkanını görən iqtisadi operatorlar tərəfindən həyata keçirilir.


