ABŞ ölkələrə sanksiyalı Rusiya neftini müvəqqəti almağa icazə verdi
ABŞ ölkələrə hazırda dənizdə gəmilərdə yüklənmiş vəziyyətdə olan sanksiyalı Rusiya nefti və neft məhsullarını almağa müvəqqəti icazə verib.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent açıqlama verib.
Nazirin sözlərinə görə, bu qərar müharibə dövründə qlobal enerji bazarlarında sabitliyi qorumaq məqsədi daşıyan müvəqqəti tədbirdir. Ölkələrə Rusiya nefti və neft məhsullarını almaq icazəsi 11 aprel tarixinə qədər qüvvədə olacaq.
“Bu dar çərçivəli, qısamüddətli tədbir yalnız artıq tranzitdə olan neftə aiddir və Rusiya hökumətinə ciddi maliyyə gəliri gətirməyəcək”, – deyə ABŞ-ın maliyyə naziri bildirib.
InterPress.ge-nin məlumatına görə, Bessent daha əvvəl ABŞ hökumətinin Hörmüz boğazında gəmiləri müşayiət etməyə başlayacağını, bunun hərbi baxımdan mümkün olan kimi həyata keçiriləcəyini açıqlayıb.
“Gəmilərin hərbi müşayiətinə ehtiyac ehtimalı həmişə planlarımızın bir hissəsi olub”, – deyə o, Sky News-a müsahibəsində bildirib.
“Bu yaxın günlərdə başlaya bilərmi?” sualına cavab olaraq Bessent qeyd edib:
“Gəmilərin təhlükəsiz keçidini təmin etmək mümkün olan kimi bunu edəcəyik”.
Məlumata görə, bir neçə gün əvvəl ABŞ Maliyyə Nazirliyi Hindistana xüsusi olaraq 30 günlük güzəşt verib ki, bu ölkə dənizdə qalan Rusiya neftini ala bilsin.
Qeyd edək ki, cümə axşamı neftin qiyməti yenidən bir barel üçün 100 dolları keçib. İranın yeni ali lideri isə qlobal neftin təxminən beşdə birinin keçdiyi əsas dəniz marşrutu – Hörmüz boğazını bloklamağa davam edəcəyini bəyan edib.


