Avropa Məhkəməsi: Bolqarıstanda transgender şəxslərin doğum şəhadətnaməsində cinsin dəyişdirilməsinin qadağan edilməsi Aİ qanunlarına ziddir
Bolqarıstanda transgender şəxslərin doğum şəhadətnaməsində cinsin dəyişdirilməsinin qadağan edilməsi Avropa İttifaqının qanunvericiliyini pozur.
InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqı Ədalət Məhkəməsi (ECJ) presedent xarakterli məhkəmə işində qərar qəbul edib. Məlumatı The Telegraph nəşri yayıb.
Məhkəmənin qərarına görə, Bolqarıstan Ali Məhkəməsinin 2023-cü ildə tətbiq etdiyi qadağa Aİ-nin milli qanunvericilikdən üstün sayılan azad hərəkət qaydalarına ziddir.
InterPress.ge-nin məlumatına görə, iş “Şipova” adı ilə tanınan şəxslə bağlıdır. Bu ad Bolqarıstanda kişi olaraq doğulmuş bir şəxsin kimliyini gizlətmək üçün istifadə olunan uydurma addır. Şipova İtaliyaya köçərək hormon terapiyasına başlayıb və hazırda özünü qadın kimi təqdim edir.
Şipova Bolqarıstanda doğum şəhadətnaməsində cinsin dəyişdirilməsi üçün müraciət edib, lakin tibbi sübutlar təqdim olunmasına baxmayaraq bu tələb rədd edilib. Nəticədə məsələ hüquqi mübahisəyə çevrilib və Bolqarıstan məhkəməsi qanunvericiliyin Aİ hüququna uyğun olub-olmadığını müəyyən etmək üçün işi Avropa Məhkəməsinə göndərib.
Lüksemburqda yerləşən məhkəmə bildirib ki, Şipova Aİ daxilində sərbəst hərəkət hüququndan istifadə etdiyinə görə, onun vəziyyəti Aİ qanunları ilə qorunur.
“Sənədlərdə göstərilən cins məlumatı ilə insanın real həyatda mövcud olan gender kimliyi arasındakı uyğunsuzluq onun sərbəst hərəkət hüququndan istifadə etməsinə mane ola bilər”, – deyə məhkəmə qərarında qeyd olunub.
Qeyd olunur ki, bu qərar Bolqarıstan məhkəməsi tərəfindən yekun hökm çıxarılarkən nəzərə alınmalıdır.
Məlumata görə, Avropa İttifaqına üzv bir çox ölkədə transgender şəxslər şəxsiyyət sənədlərində hüquqi şəkildə cinslərini dəyişə bilirlər, lakin bunun şərtləri ölkələrə görə fərqlənir.


