24 
Mar
2026
17:56
1584

Gürcüstanda hərbi çağırış qaydaları dəyişir

Gürcüstanda çağırışçıların hərbi qeydiyyata alınması və hərbi xidmətə çağırılması qaydalarında dəyişikliklər edilir.

InterPress.ge xəbər verir ki, bununla bağlı “Müdafiə Məcəlləsi”nə dəyişiklik layihəsi hökumət tərəfindən parlamentə təqdim olunub.

Layihə Müdafiə Nazirliyi tərəfindən hazırlanıb.

Yeni qaydalara əsasən, şəxsin çağırılması artıq yalnız rəsmi bildirişin təqdim edilməsi ilə deyil, həm də texniki və kommunikasiya vasitələri, o cümlədən SMS vasitəsilə həyata keçiriləcək.

Layihəyə görə, çağırış prosesi aşağıdakı qaydada aparılacaq: şəxsə bildiriş təqdim ediləcək və bu, onun imzası ilə təsdiqlənəcək. Əgər şəxs sənədi imzalamaqdan imtina edərsə, bu hal səlahiyyətli şəxsin imzası ilə rəsmiləşdiriləcək. Eyni zamanda, çağırış texniki vasitələrlə də həyata keçirilə bilər və bu zaman geri əlaqə və müvafiq orqan tərəfindən tərtib olunmuş aktla təsdiq olunacaq.

Sənədə əsasən, əgər şəxsə bildirişi təqdim etmək mümkün olmazsa və ya SMS və ya elektron poçt vasitəsilə 2 iş günü ərzində geri əlaqə əldə edilməzsə, yaxud poçtla göndərmək mümkün olmazsa, hərbi qeydiyyat orqanı ən geci 2-ci iş günündə rəsmi veb-saytda çağırış barədə bildiriş yerləşdirəcək. Bu bildiriş yayımlandıqdan 7-ci təqvim günündə rəsmi şəkildə təqdim olunmuş hesab ediləcək.

Bu halda, şəxs bildirişin rəsmi təqdim edildiyi tarixdən etibarən 10 təqvim günü ərzində hərbi qeydiyyat orqanına müraciət etməyə borclu olacaq.

Bundan əlavə, layihəyə əsasən, hökumət qərarı ilə bildirişin təqdim oluna biləcəyi ailə üzvlərinin siyahısı da müəyyən ediləcək.

Bizimlə əlaqə saxlayın