Prokurorluq: Qrup halında işgəncə və zorakılıqda ittiham olunan 12 nəfərə cinayət işi açılıb
Tbilisi Prokurorluğunun yetkinlik yaşına çatmayanların işləri üzrə idarəsi qrup halında işgəncə, hədə-qorxu ilə pul tələb etmə, qarət, zorakılığın təşkili və bu cinayətlərdə iştirak faktları üzrə 12 nəfərə ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər əvvəlcədən seçilmiş qurbanlara qarşı təşkilatlanmış şəkildə hücum edir, onları alçaldır, fiziki və psixoloji zorakılığa məruz qoyur və işgəncə verirdilər. Zorakılıq faktları çox vaxt videoya çəkilərək sosial şəbəkələrdə paylaşılırdı.
Məlumata görə, “faşist-nasist” ideologiyasına bağlı qruplaşmanın üzvləri fərqli həyat tərzi və milli mənsubiyyətə malik şəxslərə, o cümlədən azyaşlılara qarşı dözümsüzlük zəminində hücumlar təşkil ediblər. Onlar qurbanların aşkar olunması və “cəzalandırılması” məqsədilə planlı şəkildə hərəkət ediblər.
Bəzi hallarda qurbanların şəxsi əşyaları əlindən alınır, onlardan pul tələb edilirdi.
Təqsirləndirilən şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin 225-ci (qrup halında zorakılığın təşkili və iştirak), 181-ci (qrup halında hədə-qorxu ilə pul tələb etmə), 178-ci (qrup halında qarət) və 144¹-ci (qrup halında işgəncə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd olunan maddələr yetkinlik yaşına çatmayanlarla bağlı ədalət mühakiməsi normaları nəzərə alınmaqla 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.
İstintaq digər mümkün iştirakçıların müəyyən edilməsi istiqamətində davam etdirilir.


