Gürcüstanda qeyri-qanuni miqrasiyaya qarşı əməliyyat: 42 əcnəbi saxlanılıb
Gürcüstanda qeyri-qanuni miqrasiyaya qarşı aparılan tədbirlər çərçivəsində 42 xarici ölkə vətəndaşı saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Miqrasiya Departamentinin əməkdaşları Tbilisi, Kutaisi və Batumidə xüsusi immiqrasiya nəzarəti tədbirləri həyata keçiriblər. Kompleks əməliyyatlar nəticəsində saxlanılan şəxslər arasında Banqladeş, Hindistan, Pakistan, Misir, Özbəkistan, Türkiyə, İraq, Çin, Burkina-Faso, Filippin, İordaniya, Rusiya, Tailand, Sudan və Nepal vətəndaşları var.
Qurum bildirir ki, yoxlamalar zamanı müxtəlif obyektlər və konkret məkanlar nəzarətə götürülüb, məqsəd isə ölkədə qanuni əsas olmadan yaşayan əcnəbilərin aşkarlanması olub.
Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunun tələblərini pozaraq ölkədə qalırmış.
Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib və onların ölkədən çıxarılması istiqamətində müvafiq prosedurlar davam etdirilir.
Bildirilib ki, ölkə üzrə intensiv şəkildə aparılan immiqrasiya nəzarəti tədbirləri profilaktik xarakter daşıyır və bu, qeyri-qanuni miqrantların ölkəni könüllü tərk etməsinə də səbəb olub. Cari ilin ilk rübündə Gürcüstanı artıq 2030 qeyri-qanuni miqrant könüllü şəkildə tərk edib.


