Məhləz Dolidze: Çörəyin qiymətinin razılaşdırılmış şəkildə artırılması cinayətdir
Çörək istehsalçıları İttifaqının sədri Malxaz Dolidze bəyan edib ki, çörək istehsalçılarının qiymətləri eyni vaxtda və razılaşdırılmış şəkildə artırması yolverilməzdir və bu, qanun pozuntusu, yəni cinayət hesab olunur.
InterPress.ge xəbər verir ki, son günlər Marneulidə mer Daur İsmayılovun ailəsinə məxsus şirkətin rəqib sahibkarları çörəyin qiymətini artırmağa məcbur etməsi ilə bağlı məlumatlar yayılıb. Eyni zamanda, zorakılıq ittihamı ilə Marneuli merinin qardaşı Kənan İsmayılov saxlanılıb və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.
Hüquq müdafiəçisi Samirə Bayramovanın yaydığı məlumata əsasən, Kənan İsmayılov və onun ətrafı çörək sexlərindən birinin sahibinə fiziki zorakılıq tətbiq edib. Bildirilir ki, hadisəyə səbəb həmin sahibkarın çörəyin qiymətinin artırılmasına razılaşmaması olub.
“Marneuli” radiosuna açıqlamasında Malxaz Dolidze qeyd edib ki, belə hallarda yerli özünüidarəetmə orqanları mütləq şəkildə prosesə müdaxilə etməlidir. Onun sözlərinə görə, Marneulidə fəaliyyət göstərən çörək sexlərinin hər birinin özünün hazırladığı deklarativ standart və xərclər kalkulyasiyası mövcuddur.
Dolidze bildirib ki, əgər kimsə çörəyin qiymətinin əsaslı olub-olmamasına şübhə edirsə, həmin kalkulyasiyalara baxmalı və istehsalçıların nə qədər mənfəət əldə etdiyini yoxlamalıdır. Onun sözlərinə görə, hazırkı şəraitdə çörək sexləri minimum mənfəətlə – təxminən 5% səviyyəsində fəaliyyət göstərir və daha yüksək gəlir əldə etmək imkanları məhduddur.
İttifaq sədrinin fikrincə, enerji daşıyıcılarının qiymətlərinin artması da çörəyin maya dəyərinə təsir göstərir. O qeyd edib ki, elektrik enerjisi və təbii qazın qiymətləri artıb, suyun qiyməti isə Tbilisidə 9 lariyə çatır. Bu baxımdan, 500 qramlıq çörəyin 1 lari olması əslində çox ucuz qiymət hesab edilir. Müqayisə üçün o bildirib ki, Tbilisidə eyni çörəyin qiyməti 1 lari 30 tetri təşkil edir.
Məhləz Dolidze vurğulayıb ki, Gürcüstanda çörək istehsalı liberallaşdırıldıqdan sonra sahibkarlara məhsulu özlərinin müəyyən etdiyi standart və kalkulyasiya əsasında istehsal edib satmaq imkanı verilib. Lakin bu, istehsalçıların süni və əsassız şəkildə qiymətləri şişirtməsi anlamına gəlmir.
Onun sözlərinə görə, kütləvi istehsal olunan çörəklə bağlı dövlət siyasətini müəyyən edən qurumlar sahibkarlara tövsiyə edir ki, qiymətlər kalkulyasiya əsasında formalaşdırılsın və əhalinin alıcılıq qabiliyyəti nəzərə alınsın. Bu baxımdan, çörəyin əlçatan qiymətdə saxlanılması hər zaman prioritet olaraq qalır və müəyyən mənada daxili nəzarət də mövcuddur.
Dolidze əlavə edib ki, əgər o, Marneulidə olsaydı, yerli hakimiyyət nümayəndələri ilə birlikdə çörək sexlərinin rəhbərlərini çağıraraq onların xərclərini əks etdirən kalkulyasiyaları tələb edərdi. Bu sənədlər əsasında qiymətlərin əsaslı olub-olmaması müəyyən edilə bilər. Əgər mənfəət normadan artıqdırsa, qiymətin aşağı salınması tələb oluna bilər, əks halda isə istehsalçıya dəstək verilə bilər.
İttifaq sədrinin qənaətinə görə, bir şirkətin digər şirkətləri qiymətləri artırmağa məcbur etməsi bazarda rəqabətin zəiflədilməsi və ya aradan qaldırılması cəhdi kimi qiymətləndirilə bilər. Belə hallarda müvafiq qurumların müdaxiləsi vacibdir.
O vurğulayıb ki, yerli özünüidarəetmə orqanları çörək istehsalçılarının təqdim etdiyi deklarativ standartları və xərcləri yoxlamalı, süni qiymət artımının qarşısını almalı və bazarda ədalətli rəqabət mühitini təmin etməlidir.


