14 
Apr
2026
15:41
538

Gürcüstanda qumar biznesi ilə bağlı cərimələr sərtləşdirilir

Gürcüstanda qumar biznesi sahəsində qanunvericilik dəyişdirilir və lisenziya şərtlərinin pozulmasına görə tətbiq olunan cərimələr əhəmiyyətli dərəcədə artırılır.

InterPress.ge xəbər verir ki, bu barədə qanunvericilik təşəbbüsü ilə parlamentə müraciət edən Gürcüstan hökuməti məlumat verib.

Məlumata görə, “Lotereyalar, qumar və uduşlu oyunların təşkili haqqında” qanuna ediləcək dəyişikliklərə əsasən, kazino fəaliyyəti üçün lisenziya sahiblərinə tətbiq olunan cərimə 7 000 lari əvəzinə 20 000 lari olacaq. Oyun aparatları salonları üçün bu məbləğ 1 000 laridən 10 000 lariyə, qumar klubları üçün 2 000 laridən 10 000 lariyə qədər artırılır.

Həmçinin, qumar və uduşlu oyunların təşkili ilə bağlı lisenziya sahibləri üçün cərimə 2 000 lari əvəzinə 10 000 lari müəyyən edilir. Sistem-elektron formada kazino, oyun aparatları və totalizator oyunlarının təşkili ilə məşğul olanlar üçün isə cərimə 7 000 laridən 20 000 lariyə qaldırılır.

“Hazırda qüvvədə olan cərimələr real çəkindirici funksiyanı yerinə yetirmir və effektiv profilaktikanı təmin etmir. Bir çox hallarda lisenziya sahibləri üçün tələbləri pozmaq və sonradan cərimə ödəmək daha sərfəli olur”, – deyə hökumətin açıqlamasında bildirilir.

Qeyd edək ki, qanun layihəsi Maliyyə Nazirliyi tərəfindən hazırlanıb.

Bizimlə əlaqə saxlayın