26 
May
2026
10:33
260

Bakıdan yola düşən sərnişin qatarı Tbilisiyə çatıb

Bakıdan yola düşən sərnişin qatarı Tbilisiyə çatıb.

InterPress.ge xəbər verir ki, qatar Tbilisiyə saat 08:41-də çatıb.

Tbilisidən isə qatar saat 21:00-da yola düşəcək və sabah saat 06:24-də Bakıya çatacaq.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar Azərbaycanda Bakı Dəmir Yolu Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaq edəcək.

Gürcüstan ərazisində isə qatar Qardabani stansiyasında və Tbilisi Dəmir Yolu Vağzalında dayanacaq.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Bakı-Tbilisi sərnişin qatarının yola salınması mərasimində bildirib ki, bu marşrut iki ölkə vətəndaşlarının gediş-gəlişini daha da asanlaşdıracaq.

“Bakı-Tbilisi qatarının fəaliyyətə başlaması xalqımız üçün xeyirli olsun. Bu, Prezident İlham Əliyevin siyasətinin uğurlu nəticəsidir”, – deyə o qeyd edib.

Nazir müavini Gürcüstanda 400 minə yaxın azərbaycanlının yaşadığını da xatırladıb.

“Bu sərnişin qatarı iki dövlətin vətəndaşlarının gediş-gəlişini daha da rahatlaşdıracaq”, – deyə Cavid Qurbanov bildirib.

Qeyd olunub ki, o, Bakı-Tbilisi reysinin ilk sərnişinlərindən biri olub.

Gürcüstan Dəmir Yolunun baş direktoru Laşa Abaşidze isə Tbilisi Dəmir Yolu Vağzalında jurnalistlərə açıqlamasında bildirib ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarı marşrutunun bərpası Gürcüstan üçün olduqca önəmlidir.

Onun sözlərinə görə, son 6 ildə bu reys həyata keçirilmirdi və bu gündən etibarən yenidən fəaliyyətə başlayıb.

“Bu, bizim üçün çox sevindirici hadisədir. Ümumiyyətlə, bu marşrut Gürcüstan üçün çox vacibdir. Çünki nəqliyyat əlaqələri bərpa olunur və reyslər hər gün həyata keçiriləcək”, – deyə Laşa Abaşidze bildirib.

Baş direktor qeyd edib ki, marşruta maraq kifayət qədər yüksəkdir və qısa müddətdə çoxlu sayda bilet satılıb.

“Bu gündən etibarən Bakı–Tbilisi və Tbilisi–Bakı istiqamətində qatarlar hər gün hərəkət edəcək”, – deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər