08 
Iyn
2026
21:21
60

Parlamentdə qanun layihələrinin səsvermə proseduru sadələşdirilir

Gürcüstan parlamentinin plenar iclaslarında qanunvericilik təşəbbüslərinin səsvermə prosedurunun daha da sadələşdirilməsi nəzərdə tutulur.

InterPress.ge xəbər verir ki, dəyişikliklər parlamentə qanunvericilik paketi şəklində təqdim olunan bir neçə qanun layihəsinin qəbul qaydalarına aiddir.

İndiyədək qüvvədə olan qaydaya əsasən, qanunvericilik paketinə daxil olan hər bir qanun layihəsi həm birinci, həm ikinci, həm də üçüncü oxunuş zamanı ayrıca səsverməyə çıxarılırdı.

Təxminən iki il əvvəl reqlamentə edilən dəyişiklikdən sonra qanunvericilik paketləri birinci və ikinci oxunuşlarda bütöv şəkildə səsə qoyulmağa başlanıb. Belə ki, paketin tərkibinə daxil olan və qəbul edilməsi üçün eyni sayda səs tələb olunan layihələr üzrə səsvermə birgə keçirilir.

Lakin hazırkı reqlamentə görə, üçüncü və yekun oxunuş zamanı paketə daxil olan hər bir qanun layihəsi yenidən ayrıca səsverməyə çıxarılır.

Planlaşdırılan yeni dəyişikliklərə əsasən, üçüncü oxunuş zamanı da qanunvericilik paketi birinci və ikinci oxunuşlarda olduğu kimi bütöv şəkildə səsə qoyulacaq.

Bununla yanaşı, hər hansı deputat üçüncü oxunuş zamanı paketə daxil olan layihələrin ayrı-ayrılıqda səsverməyə çıxarılmasını tələb edərsə, bu halda hər qanun layihəsi ayrıca səsə qoyulacaq.

Qanunvericilik paketləri ilə bağlı daha bir yenilik nəzərdə tutulur. Belə ki, parlamentə paket şəklində təqdim olunan qanun layihələri üçün ayrıca-ayrılıqda deyil, bir ümumi izahat vərəqi hazırlanacaq.

Hazırda isə qanunvericilik paketinə daxil olan hər bir layihəyə ayrıca izahat sənədi əlavə olunur.

Parlamentin reqlamentinə nəzərdə tutulan bu dəyişikliklərə sürətləndirilmiş qaydada baxılması planlaşdırılır.

Bizimlə əlaqə saxlayın