12 
Mar
2020
18:23
2501

Gürcüstan parlamentində azərbaycanlı deputatların sayı azalacaq?

Gürcüstan Konstitusiyasına seçki sistemi ilə bağlı təklif olunan dəyişikliklərdə Kvemo Kartli bölgəsindəki majoritar seçki dairələrinin yeni sərhədləri müəyyənləşib.

InterPress.ge xəbər verir ki, qanun layihəsinə əsasən, Marneuli və Qardabani üzrə bir majoritar seçki dairəsi olacaq.

Bununla yanaşı, Rustavi şəhəri və Qardabani rayonunun bəzi kəndləri bir majoritar seçki dairəsində birləşdiriləcək. Bolnisi, Dmanisi, Tsalka və Tetritskaro rayonları üzrə də bir majoritar dairə yaradılacaq.

Bu dəyişikliklər Gürcüstan azərbaycanlıları arasında müəyyən narahatlıqlar və şübhələr doğurub. Onların əksəriyyəti hesab edir ki, bu, Gürcüstan parlamentində azərbaycanlıları təmsil edən deputatların sayının azalmasına gətirib çıxaracaq.

Məsələyə münasibət bildirən Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirov “Report”un yerli bürosuna bildirib ki, proporsional mandatların sayının artırılması alqışlanmalıdır. “Yeni seçki sisteminə əsasən, 120 deputatın proporsional sistem üzrə seçilməsi nəzərdə tutulub. Majoritar qaydada seçiləcək deputatların sayı isə 30-a qədər azaldılıb. Marneuli və Qardabani rayonlarının bir majoritar dairədə birləşdirilməsi ilə bağlı narahatlığa ehtiyac yoxdur. Əsas odur ki, proporsional siyahıda azərbaycanlı namizədlərin sayı çox olsun və onlar ön yerlərdə irəli sürülsün”.

Hüquq müdafiəçisi qeyd edib ki, Gürcüstanda milli azlıqlar arasında sayına görə azərbaycanlılar birinci yeri tutur: “Buna görə də, qanunverici orqanda azərbaycanlıları təmsil edən deputatlar çox olmalıdır”.

Qeyd edək ki, seçki sistemi ilə bağlı qanun layihəsi ötən gün Gürcüstan parlamentinə təqdim olunub.

Hazırda Gürcüstan parlamentində Marneuli və Qardabani rayonlarından majoritar qaydada seçilmiş dörd azərbaycanlı deputat təmsil olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər