Azərbaycan Prezidenti: Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldırır
"Bu gün tarixi gündür. Türkiyə Prezidentini Qarabağ torpağında salamlayırıq. Əziz Qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var".
InterPress.ge xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada mətbuata bəyanatı zamanı söyləyib.
Dövlət başçısı deyib: “Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır”.
Qeyd edək ki, bu gün Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb.
Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.


