Marneulidə həmkəndlilərinin şəxsi fotolarını yayaraq pul tələb edən şəxs saxlanıldı
Marneuli bələdiyyəsində həmkəndlilərinin şəxsi həyatını əks etdirən fotoşəkillərini sosial şəbəkədə yayaraq, onların silinməsi müqabilində pul tələb edən şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları müxtəlif cinayətlərə görə əvvəllər məhkum olunmuş şəxsi hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində həmkəndlilərindən pul tələb etmək məqsədilə onların şəxsi həyatını əks etdirən fotoşəkillərini sosial şəbəkədə yayıb. O, fotoları silmək müqabilində zərərçəkənlərdən müəyyən məbləğdə pulun elektron hesabına köçürülməsini tələb edib.
Vətəndaşlara vurulan zərərin ümumi məbləğinin 2 000 lariyə yaxın olduğu müəyyən edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır. Sözügedən maddə 4 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.


