İlham Əliyev təyyarədə mənə dedi ki... - Saakaşvili xatirələrini danışdı
Ukraynanın "1+1" telekanalında "Hakimiyyət hüququ" tok-şousu var. Olduqca maraqlı layihədir: müsahib ayaqüstə aparıcı ilə birgə kənarlarda əyləşən 7-8 jurnalistin, siyasi ekspertin suallarını cavablayır.
InterPress.ge xəbər verir ki, tok-şounun özəlliyi həm də fikir mübadiləsidir, sual verənlər və fikir bildirənlər isə sıradan şəxslər deyil, tanınmış jurnalistlər, ekspertlərdir.
İki gün öncə Ukrayna Milli İslahatlar Şurasının rəhbəri, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili şounun qonağı olmuşdu və onun bu verilişdən paylaşdığı parçalar hazırda sosial şəbəkələrdə həddən artıq böyük maraqla izlənməkdə davam edir.
Sözügedən verilişdə ən maraqlı suallardan biri də Azərbaycan, İlham Əliyevlə bağlı olan suallar və fikir mübadilələri olub.
Saakaşviliyə ünvanlanan suallardan biri təxminən bu idi: Əliyevlə yaxın münasibətləriniz olub, o, Qarabağ məsələsini həll etməyə necə nail oldu?
Saakaşvilinin Strasburqdan İlham Əliyevin təyyarəsi ilə gələrkən etdiyi söhbət haqda danışıb: “Mən İlhamla (İlham Əliyev - red.) onun təyyarəsində Strasburqdan uçdum. Avropa Şurasında birgə çıxış etmişdik. Təyyarə Qara dəniz sahili üzərində uçdu. Mən ondan Abxaziyaya heç olmasa yuxarıdan baxmaq üçün təyyarənin Abxaziya üzərindən endirilməsini xahiş etdim. Abxaziya üçün darıxmışdım, ailəm oradandır. Və o dedi: “Bilirsən, Mişa, həm bizim, həm də sizin üçün bir neçə illik sual. Biz sadəcə gecə-gündüz bu haqda düşünməliyik. Bunu heç vaxt unutmamalı və hazırlaşmalı, hər gün hazırlaşmalıyıq...”
Jurnalistlər bu cavabla kifayətlənmirlər. Buna görə də Mişa deyir ki, Bakı külli miqdarda qazanc əldə etdi, ən müasir silahlar aldı...
- Necə oldu ki, külli miqdarda qazanc əldə etdi?
- Neft pulları, – Saakaşvili deyir.
- Neft Nigeriyada da var, - sorğu-debat iştirakçılarından biri deyir.
- Hə, neft çox ölkədə var. Çox ölkənin hər şeyi var, ancaq Əliyevi yoxdur... – digəri replika atır.
Bu replikaya demək olar ki, orda iştirak edənlərin hamısı dəstək ifadə edib.


