Marneulidə ev yandı - FOTO
Marneulinin Qızılhacılı kəndində yaşayış evi yanıb.
InterPress.ge-nin qonşulardan əldə etdiyi məlumata görə, evdə yanğın gecə 04:00 radələrində baş verib.
Qonşular qeyd edir ki, yanğının baş verdiyini ev sahibinin qardaşı görüb və dərhal yanğınsöndürmə qrupu çağırılıb. Yanğınsöndürmə qrupu gələnə kimi qonşular yanğını lokallaşdırmağa çalışıb.
Ev sahibinin yaxınları evin başqası və ya başqaları tərəfindən yandırıldığını istisna etmir.
"Dünən axşam saat 23:00-dan kəndimizdə hazırkı vaxta kimi işıq yoxdur. Bu yanğının hər hansı qısaqapanmadan baş verməsi mümkün deyil. Evdə heç kim yaşamır, ev sahibləri xaricdədir. Düşünürəm ki, evə oğru girib və heçnə tapa bilməyib yandırıb. Ailənin hər hansı bir düşməni yoxdur. Evin sadəcə iki otağı yandı, içəridə olan hərşey kül oldu, digər otaqlara keçmədən yanğın söndürən qrupları tərəfindən yanğın lokallaşdırıldı", - deyə ev sahibinin qohumu qeyd edir.
Hadisə yerinə polis və ekspertiza cəlb olunub.
Hazırda evin nədən yandığı araşdırılır.


