Marneulidə müxalifət və hakim partiya arasında qarşıdurma yaşanıb - Xəsarət alan var
Marneulinin Sadaxlı kəndində qarşıdurma yaranıb.
InterPress.ge xəbər verir ki, qarşıdurma müxalifət nümayəndəsi Laşa Kveladze və hakim partiyanın nümayəndəsi Rövşən İsgəndərov arasında baş verib.
Vahid Milli Hərəkat partiyasının üzvü Murad Muradov qeyd edir ki, L. Kveladze və onun yanında iki nəfər Sadaxlı kəndindən çıxarkən Rövşən İsgəndərov və yanında 100 nəfər adam heç nədən onların qarşısını kəsib və hücum ediblər.
O, qeyd edir ki, L. Kveladze xəsarət alıb və hal-hazırda o, Marneuli polis idarəsində şikayət ərizəsi yazır.
Bu məsələyə münasibət bildirən Gürcüstan Parlamentinin üzvü Zaur Darğallı qeyd edir ki, müxalifət Rövşən İsgəndərova hücum edib.
"Bu gün Vahid Milli Hərəkat partiyasının üzvü Laşa Kveladze Sadaxlıda məktəb binasının divarına seçki ilə bağlı yazı yazarkən Rövşən İsgəndərov ona bu hərəkəti düzgün olmadığını və qanun pozuntusu olduğunu qeyd edib və ona qanunu pozduğunu bildirib. Bundan sonra Rövşən İsgəndərov avtomobilinə minərək Marneuli istiqamətinə doğu hərəkət edib. Bundan sonra Laşa Kveladze onun arxasınca düşərək Kirovka kəndində onun qarşısını kəsib və ona xəsarət yetirib", - deyə Zaur Darğallı qeyd edir.
O, eyni zamanda Rövşən İsgəndərovun sağlamlıq vəziyyətinin orta ağır olduğunu qeyd edir.
"İsgəndərov hal-hazırda xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağırdı, üz nahiyəsində qırıqlar var. Həkimlər bildirdiyinə görə, o, əməliyyat oluna bilər", - deyə Zaur Darğallı bildirib.
Z. Darğallı sonda isə müxalifətin iddialarının tamamilə yalan olduğunu bildirdi.


