Marneulidə baş verən bıçaqlanma ilə bağlı DİN bəyanat yaydı
Daxili İşlər Nazirliyi Marneulidə, seçki məntəqəsində baş verən yaralama faktı ilə bağlı bəyanat yayıb.
InterPress.ge bəyanatı təqdim edir:
"Mərneuli bələdiyyəsinin Daştəpə kəndində, N52 seçki məntəqəsində baş verən qarşıdurma faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 117 -ci maddəsi ilə istintaq başladıldı.
İstintaq nəticəsində müəyyən edildi ki, qeyd olunan məntəqədə 1989 -cu il təvəllüdlü Q.R ilə 1987 -ci il təvəllüdlü E.M. arasında şifahi mübahisə fiziki qarşıdurmaya çevrilib və sərxoş vəziyyətdə olan Q.R. bıçaqla E.M. -nin qarın nahiyəsinə xəsarət yetirib. Q.R-nın özü də fiziki qarşıdurma zamanı xəsarət alıb.
Polisin bu mərhələdə həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində qarşıdurmada iştirak edən bütün şəxslər müəyyən edildi, şahidlərlə sorğu-sual aparıldı.
Bütün zəruri prosessual və istintaq tədbirləri görülür, bundan sonra sözügedən əməli törədən şəxs təqsirləndirilən şəxs qismində saxlanılacaq.
Sağlamlığa qəsdən ağır ziyan vurma faktı Cinayət Məcəlləsinin 117 -ci maddəsi ilə araşdırılır", - məlumatda deyilir.


