Aqil Mustafayev: "Saakaşvilinin Gürcüstanın gələcəyi naminə azad edilməsi üçün əlimizdən gələni edəcəyik"
"Saakaşvilinin azad olunması üçün əlimizdən gələni etməyə hazırıq".
InterPress.ge xəbər verir ki, bunu siyasətçi Aqil Mustafayev deyib.
Mustafayevin qeyd etdiyinə görə, Saakaşvili haqqında açılan cinayət işləri Rusiya və Gürcüstandan başqa heç bir ölkədə tanınmır və o bir çox dünya şöhrətli siyasətçilərlə rahat şəkildə görüşlər keçirir.
"Mixail Saakaşvili Gürcüstan siyasətində sıradan bir siyasətçi və sıradan bir prezident deyil. Onu sevənlər də, sevməyənlər də bilir ki, Saakaşvili dünya şöhrətli bir siyasətçidir. Gürcüstan hakimiyyətinin onu cəfəngiyyatla həbsə atdığını bütün dünya bilir, Rusiya və Gürcüstandan başqa müxtəlif ölkələr, o cümlədən Avropa ölkələri bu cinayəti qəbul etmir və bütün ölkələrə rahat şəkildə səfər edirdi, dünya şöhrətli siyasətçilərlə, siyasi xadimlərlə, dövlət rəhbərləri ilə görüşlər keçirirdi. Bu cinayət işi tamamilə absurddur və o qanunsuz şəkildə həbs olunub", - deyə Aqil Mustafayev bəyan edib.
Onun sözlərinə görə, hakimiyyət Saakaşvilini Gürcüstanda qalmayacaq şəkildə azad etməyə çalışır və əgər əksi baş verərsə, bu Gürcüstan vətəndaşları arasında müəyyən iğtişalara səbəb olacaq.
"Gürcüstan hakimiyyətinin özü də yaxşı bilir ki, Saakaşvilini qanunsuz olaraq həbsdə saxlamaq onlara baha başa gələcək. Onların çıxışlarına baxmayaraq, Saakaşvilini Gürcüstanda qalmayacaq şəkildə azad etməyə çalışırlar. Hal-hazırda hakimiyyət müəyyən vaxt qazanmağa çalışır və vaxt qazandıqdan sonra Saakaşvilini istər-istəməz azad etməlidir, onlar üçün başqa alternativ yoxdur, çünki beynəlxalq qurumlar, eyni zamanda Gürcüstan ictimaiyyəti yavaş-yavaş ayaqlanacaq və həbsdən azad olunması tələbini daha da güclü şəkildə səsləndirəcək. Hakimiyyət Saakaşvilini azad etməsə, bu, Gürcüstan cəmiyyəti, Gürcüstan vətəndaşları arasında böyük ixtişaşa gətirib çıxara bilər. Həmişə qeyd etdiyimiz kimi, mən və ətrafımızda olan insanlar üçün ən önəmli şey Saakaşvilinin azad edilməsi və onun siyasi proseslərə qarışmasıyla Gürcüstanın çətin vəziyyətdən çıxardılmasıdır. Biz Saakaşvilinin azad olunması üçün əlimizdən gələni etməyə hazırıq və düşünürük ki, Gürcüstanın yeganə parlaq gələcəyini onunla həyata keçirə biləcəyimiz, Gürcüstanı onunla inkişaf yoluna çevirəcəyimiz yeganə insandır. Mən və ətrafımda olan insanlar hazırda bu istiqamətdə fərdi və ya xüsusi olaraq hər hansı bir addım atmağı planlaşdırmırıq, ancaq Saakaşvilinin azad olunması ilə bağlı hər hansı bir proqram həyata keçiriləcəksə, biz orada mütləq şəkildə iştirak edəcəyik və Saakaşvilinin Gürcüstanın gələcəyi naminə azad edilməsi üçün əlimizdən gələni edəcəyik", - deyə o söyləyib.


