İzmirdə Gürcüstan-Azərbaycan-Türkiyə Gömrük İdarələrinin üçtərəfli görüşü keçirildi
İzmirdə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəisi Levan Kakava, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Türkiyə Respublikası Ticarət nazirinin müavini Rıza Tuna Turqayın iştirakı ilə Gürcüstan-Azərbaycan-Türkiyə Gömrük İdarələrinin üçtərəfli görüşü keçirilib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb.
Məlumata görə, tərəflər üçtərəfli formatda ölkələr arasında gömrük sahəsində əməkdaşlığın müxtəlif məsələlərini, o cümlədən qanunun icrasını, habelə gömrük keçid məntəqələrində sadələşdirilmiş nəzarət prosedurlarını, elektron məlumat mübadiləsi sistemlərini (e-TIR) və s. müzakirə ediblər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi diqqət yetirilib və tərəflər koordinasiyalı fəaliyyəti gələcəkdə də fəal şəkildə davam etdirməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, görüş zamanı "Gürcüstan Hökuməti, Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə üçtərəfli komitənin yaradılması haqqında" protokol imzalanıb.
Levan Kakavanın sözlərinə görə, ortaq, üçtərəfli gömrük komitəsi 3 ölkə arasında gömrük sahəsində operativ qarşılıqlı fəaliyyət və gündəmdə olan aktual məsələlərin yüksək səviyyədə koordinasiyası üçün bir növ təsirli platforma olacaq.
“Gürcüstan tərəfindən imzamın Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığının daimi formatını təsdiq etməsi mənim üçün böyük şərəf və məsuliyyətdir. Biz bu sənədi imzalayaraq, gömrük idarələri arasında müxtəlif əhəmiyyətli sahələri özündə birləşdirən uğurlu əməkdaşlıq modelini yaradırıq", - Gəlirlər Xidmətinin rəhbəri bildirib.
Görüşdə Gəlirlər Xidmətinin rəis müavini Vladimer Xundadze, Beynəlxalq Əlaqələr Departamentinin rəisi Samson Uridia və Gömrük İdarəsinin rəisi Zurab Siginava da iştirak ediblər.
"Qeyd edirik ki, protokol üç ölkə arasında gömrük sahəsində beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq üçün ən son platforma təmin etdiyi üçün misilsizdir ki, bu da birgə layihələrin həyata keçirilməsi məqsədilə qanuni iqtisadi ticarətin inkişafı və tranzit dəhlizinin potensialı üçün yeni alətlərin yaradılmasını təşviq edəcək", - məlumatda deyilir.


