12 
Nybr
2021
13:37
4461

Ğaribaşvili və Zelenski arasında Mixail Saakaşvili ilə bağlı danışıq baş tutdu

Ukrayna prezidentinin təşəbbüsü ilə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyasından məlumat verilib.

Məlumata görə, Zelenski söhbət zamanı Ukrayna vətəndaşı, məhbus Mixail Saakaşvilinin səhhəti ilə maraqlanıb.

Hökumət administrasiyasından verilən məlumata görə, İrakli Ğaribaşvili ona bildirib ki, məhbus Saakaşvili digər məhbuslar kimi cəzaçəkmə müəssisəsində olduğu ilk gündən müşahidə altında olub və ona 24 saatlıq müvafiq tibbi yardım göstərilir. Gürcüstan hökumətinin başçısının sözlərinə görə, Ukrayna vətəndaşı olan Saakaşviliyə vəkilləri, ailə üzvləri, eləcə də Gürcüstan parlamentinin deputatları ilə görüşməsinə icazə verilir və o gündən indiyədək ona yüzdən çox ziyarətçi gəlib. Prezident Zelenski məhbus Saakaşvilinin həbsxana xəstəxanasına köçürülməsini müzakirə edib, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ukrayna prezidentinə məhbus Mixail Saakaşvilinin 18-ci müəssisəyə köçürüldükdən sonra müqavimət göstərdiyini, müəssisənin əməkdaşlarına və həkimlərinə şifahi və fiziki zorakılıq etdiyini bildirib. Müvafiq olaraq, cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilib.

Mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı zamanı Gürcüstan hökumətinin başçısı Mixail Saakaşvilinin qanunsuz hərəkətlərini təxribat, dağıdıcı və ölkənin sabitliyinə təhlükə kimi qiymətləndirib və Ukrayna vətəndaşlarının Gürcüstanın daxili işlərinə qarışmasının qəbuledilməz olduğunu bildirib. Gürcüstanın baş naziri həmçinin Ukrayna prezidentinə bildirib ki, axtarışda olan Saakaşvili artıq məhkum olunduğu və başqa ağır cinayətlərdə ittiham olunduğu halda Gürcüstan sərhədini qanunsuz keçib.

Məlumata görə, Zelenski bu imkanın nəzərdən keçirilməsini və ukraynalı həkimlərə Mixail Saakaşvilinin səhhətini yoxlamağa icazə verilməsini tələb edib, İrakli Ğaribaşvili isə bildirib ki, məhbus Saakaşvilinin sağlamlığı ilə gürcü peşəkar və yüksək ixtisaslı həkimlər məşğul olur.

Ukrayna prezidenti də bu gün eyni telefon danışığı ilə bağlı məlumat yayıb. Vladimir Zelenskinin sözlərinə görə, Gürcüstanın baş naziri ilə telefon danışığında o vurğulayıb ki, “Ukrayna vətəndaşı Mixail Saakaşvilinin hüquqları beynəlxalq normalara uyğun olaraq tam təmin edilməlidir”.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər