01 
Dek
2021
16:35
771

Kvemo Kartliyə yeni qubernator təyin olundu

Kvemo Kartli bölgəsinə yeni qubernator təyin edilib.

InterPress.ge xəbər verir ki, 2021-ci ilin avqustundan onun müavini olan Qiorqi Doxturişvili Şota Rexviaşvilinin əvəzinə Kvemo Kartli qubernatoru postunu tutub.

Gürcüstan hökumətinin Regional Əlaqələr Departamentinin rəhbəri Leri Barnabişvili bələdiyyə merlərinə və bölgə rəhbərliyinin əməkdaşlarına Qiorqi Doxturişvilini təqdim edib. Barnabişvilinin sözlərinə görə, Qiorqi Doxturişvilinin dövlət strukturlarında böyük iş təcrübəsi var, Şota Rexviaşviliyə gəlincə, o, komandada qalır və yaxın günlərdə başqa bir məsul vəzifəni icra edəcək.

"Qiorqi Doxturişvili Kvemo Kartli regionu üçün yeni sima deyil, o, 2021-ci ilin avqustundan qubernatorun müavini işləyir, dövlət strukturlarında kifayət qədər böyük təcrübəyə malikdir. O, on ildən artıqdır ki, Bələdiyyə Məclisi və Meriya strukturlarında müxtəlif vəzifələrdə çalışıb və Kvemo Kartli regionunun üzləşdiyi problemlərin öhdəsindən gəlmək üçün böyük təcrübəyə malikdir", - Leri Barnabişvili bildirib.

O, Şota Rexviaşviliyə qubernator kimi üç illik fəaliyyətinə görə təşəkkür edib və qeyd edib ki, o, komandada qalır, onun indiki hökumətdə hansı vəzifəni tutacağı yaxın günlərdə məlum olacaq.

“Şota Rexviaşvilinin bilavasitə iştirakı ilə bir sıra layihələr həyata keçirildi və əhalinin bir çox problemləri həll olundu. O, komandamızın sadiq üzvüdür və bundan sonra da hökumətimizdə müvafiq məsul vəzifədə çalışacaq. Dəqiq harada çalışacağını yaxın günlərdə öyrənəcəksiniz", - deyib Barnabişvili.

Şota Rexviaşvili öz növbəsində mərkəzi hökumətə və regiondakı bələdiyyələrin rəhbərlərinə üç illik səmərəli əməkdaşlığa görə təşəkkür edib.

“Mərkəzi hökumətin nümayəndələrinə - hökumət komandasına, beynəlxalq tərəfdaşlara, mülki və özəl sektora xüsusi təşəkkür edirəm ki, onların böyük dəstəyi ilə əhalinin rifahı naminə bir sıra irimiqyaslı layihələr həyata keçirildi. İnanıram ki, komandamızın yeni üzvlərinin fəaliyyəti dövründə regionun inkişafı fəal şəkildə davam edəcək”, - Şota Rexviaşvili bildirib.

Yeni qubernator Qiorqi Doxturişvilinin sözlərinə görə, Kvemo Kartli onun doğma bölgəsidir və o, oradakı bütün çətinliklərdən xəbərdardır.

“Gürcüstanın baş naziri İrakli Ğaribaşviliyə və Gürcüstan hökumətinə göstərdiyi etimada və yüksək məsuliyyətə görə təşəkkür etmək istərdim. Baş nazirin təşəbbüsü ilə hazırlanan və Gürcüstan hökumətinin təqdim etdiyi fəaliyyət planımız var. Təbii ki, biz icra hakimiyyəti ilə birlikdə bu inkişaf planına əməl edəcəyik, çoxlu islahatlar aparılacaq, o cümlədən regionun ehtiyac duyduğu qanunvericilik islahatları olacaq”, - Qiorqi Doxturişvili bildirib.

 

 

Bizimlə əlaqə saxlayın