Aİ səfiri: "Biz Gürcüstanın suverenliyini, sərhədlərini və təhlükəsizliyini qorumaq üçün buradayıq"
"Biz Gürcüstanın suverenliyini, sərhədlərini və təhlükəsizliyini qorumaq üçün buradayıq. Biz münaqişənin düzgün həllini təmin etmək üçün fəal işləyirik".
InterPress.ge xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzel deyib.
O, Gürcüstanın Müdafiə Qüvvələrinə yardım göstərməsinə dair Avropa Şurasının qərarından danışıb.
"Dünən siz bəyanatı eşitdiniz ki, biz Gürcüstan Silahlı Qüvvələrinə kömək etmək, tibbi və mühəndislik imkanlarını gücləndirmək üçün daha çox vəsait ayırmağa hazırlaşırıq ki, bu da Gürcüstanda dayanıqlığın və imkanların gücləndirilməsi üçün vacibdir. Təhlükəsizliklə bağlı seçimə gəlincə, biz hesab edirik ki, bu, ölkələrin öz əlindədir və hər bir ölkə bunu özü həyata keçirməlidir", - səfir bildirib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Serqey Lavrovun sözlərinə görə, Buxarestdə keçirilən NATO sammitinin tezislərini təkrarlamaq odla oynamaqdır.
Lavrovun sözlərinə görə, Gürcüstan və Ukraynanın NATO-ya üzv olması ilə bağlı Buxarest Sammitinin qərarı 2008-ci ilin avqustunda artıq partlamış minadır.


