19 
Yan
2022
16:55
399

Gürcüstanda 20 Yanvar şəhidlərinin yaxınları ziyarət olunub

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Gürcüstan əsilli şəhidlərin yaxınları ziyarət olunub.

InterPress.ge xəbər verir ki, ənənəvi ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov iştirak ediblər.

İlk öncə Bolnisi rayonunun Talaveri (Faxralı) kənd qəbirstanlığında şəhid İlqar Əhmədovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Şəhidin müəllimi və sinif rəhbəri olmuş Cümşüd Gülməmmədov çıxış edərək deyib ki, İ.Əhmədov əlaçı və nümunəvi şagird olub: "Biz İlqar Əhmədovun timsalında bütün şəhidlərimizlə fəxr edirik. Azərbaycan səfirliyinə şəhidin xatirəsini əziz tutduğuna görə minnətdarlığımızı bildiririk".

Kənd sakinləri adından çıxış edən Fatma Əliyeva deyib ki, Qanlı Yanvardan 30 ildən çox vaxt keçsə də, Azərbaycan müstəqillik uğrunda canlarından keçən övladlarını unutmur: "Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi Qələbədən sonra İlqar Əhmədov və bütün şəhidlərin ruhu rahatlıq tapıb. İşğal olunan torpaqların azad edilməsi həm də 20 Yanvar şəhidlərinin qanının alınması demək idi".

Daha sonra söz alan səfir F.Quliyev şəhidlərin xatirəsinin hər zaman milli iftixar hissi ilə anıldığı və onların ailələrinin qayğılarının diqqətdə saxlanıldığını deyib. 20 Yanvar faciəsinin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayan səfir şəhidin yaxınlarına səbr diləyib.

Marneuli rayonunun Kirəc -Muğanlı kəndində digər şəhid Vəfadar Eminovun qardaşı Etibar Eminovun ailəsi də ziyarət olunub. Anım mərasimində kənd sakinləri və ağsaqqalları iştirak edib.

F.Quliyev şəhidin yaxınlarına başsağlığı verib. O deyib ki, Gürcüstandakı soydaşlarımızın ürəyi hər zaman - istər sovet dönəmində, istərsə də müstəqillik illərində mənəvi vətənləri olan Azərbaycanla bir döyünüb: "Birinci və ikinci Qarabağ müharibəsində Gürcüstan əsilli 56 nəfər şəhid olub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman şəhidlərimiz bizim qürur mənbəyimizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ruhları qarşısında baş əyirik".

Soydaşlarımız şəhidin xatirəsinin hər zaman yad olunduğuna görə Azərbaycan dövləti və səfirliyə minnətdarlıqlarını bildiriblər.

Digər şəhidlər – Tengiz Turabov, Ələsgər Qayıbov, Rəşid İsmayılov, İsmayıl Mursaqulovun yaxınlarına da baş çəkilib. Səfirliyin təşəbbüsü və AZEBİ-nin dəstəyi ilə hər bir şəhid ailəsinə ərzaq sovqatı təqdim edilib.(report)

​​​

Bizimlə əlaqə saxlayın